Günəş hələ özünü göstərməmiş Telli nənə artıq yatağını yığmışdı. Yataq deyəndəki, sınıq kravata oxşayan bir şey, bir nazik döşək, eyni naziklikdə sökülmüş yastıq, bir də ədyal. Yuxunun ən şirin vaxtında, bu yaşında yuxusuna qatdığı bu haram sırf halal çörək yeməsi üçün idi. Yatağından qalxıb üz- gözünə, saçına-başına yüngülvari əl gəzdirdi. Mətbəxdə bacardığı qədər səssiz hərəkət edirdi, çünki qarşı otaqdakı nəvəsini oyandırmaq istəmirdi. Yeməyə bir şey tapmadığı üçün bu gün də eləcə soyuq çayla keçinməli oldu. Evdən çıxanda nəvəsinin- Nəzrinin yanağından möhkəmcə öpdü, nəsə, elə bil vidaya oxşayırdı bu öpüş.
Çox ac olduğunu hiss edirdi, bircə ümidi yaxınlıqdakı peraşki satılan yerə idi. Ki, oradan peraşki alıb yeyə bilər. Əlini xalatının cibinə saldı. Çirkli solfet, konfet qabığı, jekin nömrəsi…aha, bu da qəpik. Ümid dolu tələskənliklə tapdığı pulu əlinə aldı və 20 qəpikliyi ovucunun içində bir xeyli süzdü. Deməli, ac qalmayacaq bu gün. Amma birdən ağlına gəldi ki, bəs, gecə evə gedəndə Nəzrin üçün də nəsə almalıdı axı. Uşaqdı, hər dəfə qapı açılan kimi, nənəsinin qabağına yüyürür. Yox, qəpiyi elə tapdığı yerə-cibinə qaytarıb qoydu. Qayıdanda Nəzrinə heç olmasa bir saqqız alacaqdı. O, heç nə yeməsə də olar, amma Nəzrini saqqızla da olsa sevindirəcəkdi…
Telli nənənin 67 yaşı var, süpürgəçidi. Hər səhər dan yeri sökülməmiş, şəhər hələ gecənin zülmətindən yaxa qurtarmamış o da digər süpürgəçilər kimi artıq şəhərin əsas küçələrini təmizləyib bitirmiş olur. İşi ağır, təhlükəli və bir o qədər də ucuz idi. İndi hər şeyin ən ucuzu insandı axı, indi hər şeyin ən ucuzu insana verilən qiymətdi axı. Bu “ucuzluq”dur elə onu bu yaşında küçələrə düşürən. Ətrafından keçən minlərlə bahalı maşınların, hər gün görüb rastlaşdığı yüksək təbəqəli insanların heç birində onun gözü yox idi. Deməzdim ki, istəmirdi o cür həyatı. Sadəcə, o, artıq razılaşmışdı. Onun qismətinə tərəzinin ədalətsiz tərəfi düşmüşdü. Edəsi heç nə yox idi. 23 ildir gündəlik məqsədi bircə o idi ki, işini “tər-təmiz” görsün və haqqını alsın, vəssalam.
Günəş artıq binaların arxasından mümkün qədər boylanırdı. Asvalt getdikcə qızmağa başlayırdı ki, işin çətin tərəfi hələ bundan sonra başlayacaqdı. Telli nənənin gözü birdən yolun o üzündə yerdə parıldayan əşyaya sataşdı. Düşən günəş şüası əşyanı daha da cəlbedici göstərirdi.
-“Bəlkə bahalı şeydir, bəlkə qızıl üzük?”
Əlindəki süpürgəni səki dəmirinə söykəyib, maşınların o yan-bu yana şütüdüyü yolun o biri tərəfinə keçməyə tələsdi. Bir az həyəcan, bir az qorxu və bir az da gözüaclılıq. Qiymətli bir şeydirsə, deməli, şanslı adamdır axı… Amma o bu dünyanın ən şanssız adamı imiş. Çünki Telli nənə maşının vahiməli tormuz səsindən sonra ən ucuz şeyini də itirmişdi artıq. Olan-qalan bircə canını… Qoca nənəmiz maşına çırpıldıqdan sonra yumalanıb asvalta düşdü və birbaşa cənnətə getdi. Parıldayan əşya isə 20 qəpiklikdən başqa bir şey deyildi.
20 qəpiklik ölüm… Başımız sağ olsun, insan əhli.
Nihat Piri
20 qəpiklik ölüm
Günəş hələ özünü göstərməmiş Telli nənə artıq yatağını yığmışdı. Yataq deyəndəki, sınıq kravata oxşayan bir şey, bir nazik döşək, eyni naziklikdə sökülmüş yastıq, bir də ədyal. Yuxunun ən şirin vaxtında, bu yaşında…
