Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, hörmətli Anar Ələkbərov Masallı rayonunun Boradigah qəsəbəsində Masallının şəhid anaları ilə səmimi görüş keçirdi.
Görüşdə Masallının 1992-ci ildə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anası Şadəstə ana Anar müəllimə dərin minnətdarlığını bildirdi. 88 nəvə-nəticəsi olan Şadəstə ana xüsusi vurğuladı ki, Anar müəllim altı ilə yaxındır şəhidlərimiz və onların anaları arasında heç bir fərq qoymadan, 1990-cı illərin şəhid ailələrini də 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrindən ayırmadan hər birini eyni diqqət və doğmalıqla əhatə edir.
Bu dəfə isə Masallının şəhid anaları Anar müəllimi öz doğma yurdlarına, dağları, meşələri və mərd insanları ilə gözəl olan Masallıya dəvət etdilər. Analarımız bir neçə gündür bu görüşə böyük sevinc və həyəcanla hazırlaşırdılar. Anar müəllimin onların dəvətini qəbul edib gəlməsi, eyni süfrə arxasında əyləşərək hər birini doğma övlad kimi dinləməsi analarımızın sevincini daha da artırdı, qəlblərinə mənəvi təsəlli bəxş etdi.
Anar müəllim görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını şəhid analarına çatdırdı. Bu salam və göstərilən ali diqqət hər bir ananın qəlbində dövlətimizin daim onların yanında olduğuna, qəhrəman övladlarımızın əziz xatirəsinin heç vaxt unudulmayacağına böyük inam yaratdı. Hörmətli Anar müəllim, şəhid analarının sözünü, dərdini və övladları ilə bağlı əziz xatirələrini böyük ehtiramla dinləməyiniz onların qəlbinə sevinc, ruhuna təsəlli bəxş etdi. Şəhid analarının duasını qazanmaq ən böyük mənəvi dəyərdir. Allah Sizi qorusun, var olun!
Mircəlal Qurbanov











