Vətənim Media xəbər verir ki, “OPEC+” razılaşmasına qoşulan ölkələrin maksimum neft hasilatı imkanlarının qiymətləndirilməsinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu barədə “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə danışıb. Onun sözlərinə görə, iş OPEC Katibliyi tərəfindən aparılır.
“OPEC+” 2025-ci ildə üzv ölkələrin maksimum hasilat güclərini müəyyənləşdirmək üçün Katiblik tərəfindən hazırlanan mexanizmi təsdiqləyib. Qiymətləndirmənin nəticələrinin ölkələr arasında müzakirə olunması və 2027-ci il üçün neft hasilatının baza səviyyələrinin müəyyənləşdirilməsinə əsas yaratması nəzərdə tutulur. Azərbaycan da OPEC və təşkilata daxil olmayan neft istehsalçılarının əməkdaşlığını əhatə edən “OPEC+” razılaşmasının iştirakçısıdır.
Əsas mənbə: APA
