Vətənim Media xəbər verir ki, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb. Layihə Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşların maliyyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin icraçılığı ilə həyata keçirilir.
Mərkəzdə qrafik dizayn, veb dizayn və proqram təminatı, interyer və eksteryerin bədii tərtibatı, ağac nəqqaşlığı, eləcə də satış və kassa işi üzrə təlimlər təşkil olunacaq. Layihə çərçivəsində 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlimlərə cəlb olunması və ən azı 60 nəfərin işlə təmin edilməsi hədəflənir.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, əsas məqsəd məzunların əmək bazarında iştirakına və işlə təmin olunmasına şərait yaratmaqdır. SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov isə inklüziv təhsil və məşğulluğun bir-biri ilə bağlı olduğunu vurğulayıb. “Birgə və Sağlam” İctimai Birliyinin emalatxanasında neyromüxtəlifliyi olan gənclər üçün qənnadçı-şirniyyatçı, barista və kargüzarlıq təlimləri də keçirilir.
Əsas mənbə: APA
