Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Avstraliya hökuməti 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinə qoyulan qadağanın pozulması ilə bağlı Facebook, Instagram, TikTok, Snapchat və YouTube-a qarşı məhkəmə iddiaları qaldırmağa hazırlaşır. Rabitə naziri Anika Uells bildirib ki, ölkənin onlayn təhlükəsizlik tənzimləyicisi eSafety Komissarlığı Federal Məhkəmədə iş qaldırmaq üçün sübutlar toplayır.
Komissarlıq martda platformaların qanuna əməl edib-etmədiyini araşdırmağa başlayıb. İyulda dərc olunan hesabatda 16 yaşdan kiçik istifadəçilərin əksəriyyətinin mövcud hesablarını saxlaya və ya yenisini yarada bildiyi, buna yaşın effektiv yoxlanılması mexanizmlərinin yetərsizliyinin səbəb olduğu qeyd edilib.
2025-ci ilin dekabrında qüvvəyə minən qanun sosial şəbəkələrdən 16 yaşdan kiçiklərin hesab açmasının qarşısını almaq üçün ağlabatan tədbirlər görməyi tələb edir. Qanun pozuntusuna görə maksimum cərimə 109,2 milyon Avstraliya dollarıdır. eSafety Komissarlığı şirkətlərdən sənədlər tələb edə, hazırkı və keçmiş əməkdaşları ifadə verməyə çağıra bilər.
Əsas mənbə: APA
