Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasına tanınmış jurnalistlərin adından saxta WhatsApp hesabları yaradıldığı və həmin profillərdən müxtəlif məzmunlu mesajlar göndərildiyi barədə məlumatlar daxil olur.
Şura bildirir ki, hüquq-mühafizə orqanlarının açıqlamalarına əsasən, bu fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələrlə əlaqələndirilir. Saxta mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və yaymamaq tövsiyə olunur. Şübhəli mesaj alanlara məlumatı göndərdiyi deyilən şəxslə əvvəlcədən məlum olan əlaqə vasitəsi ilə dəqiqləşdirmək məsləhət görülür.
Şura belə hallarla qarşılaşan şəxslərə hüquq-mühafizə orqanlarına, o cümlədən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməyi tövsiyə edib. Saxta hesabın mesajlarını, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlamaq, hesabı platformaya şikayət etmək və jurnalistlərdən saxta profillər barədə Mətbuat Şurasını da məlumatlandırmaq istənilir.
Əsas mənbə: APA
