Vətənim Media xəbər verir ki, “The Daily Telegraph” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, Ukrayna məsələsində Avropanı Rusiya ilə danışıqlarda təmsil edə biləcək beş lider nəzərdən keçirilir. Namizədlər İtaliyanın Baş naziri Ciorcia Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, Çexiya Prezidenti Petr Pavel, Norveçin Baş naziri Yonas Qar Störe və Danimarkanın Baş naziri Mette Frederiksendir.
Qəzet yazır ki, Avropa Şurasının Prezidenti Antonio Koşta Brüsseldə keçirilən görüşdə danışıqlara rəhbərlik etmək təklifini qəbul etməyib. Nəşrin mənbələrinə görə, Avropa paytaxtlarında Rusiya ilə dialoqun zəruriliyi barədə müzakirələr son aylarda intensivləşib. Danışıqların başlaması üçün əvvəlcə ümumi razılıq və Avropanın mövqeyi müəyyənləşdirilməlidir. Mənbələrdən biri ölkələr arasındakı rəqabət və namizədlərdən birinə veto qoyulması riskinə görə danışıqlarda bir neçə liderin iştirakını daha mümkün sayıb.
Qəzetin mənbələri Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın onların maraqlarını təmsil etmədiyini düşündüyünü də bildiriblər.
Əsas mənbə: APA
