Vətənim Media xəbər verir ki, APA-nın təhlilində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) irəliləyişini rəqəmsal transformasiyanın nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan 2024-cü ildəki 74-cü yerdən 2026-cı ildə 38-ci yerə yüksəlib, ümumi balı isə 0,7607-dən 0,8847-yə çatıb.
İbrahimli bildirib ki, Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasına daxil olub. Onlayn Xidmətlər İndeksində ölkə 67-ci yerdən 11-ci yerə yüksəlib, xidmətlərin təqdim edilməsi altindeksində isə Estoniya ilə birlikdə dünyada 10-cu yeri tutub. O, bu göstəriciləri rəqəmsal hökumət layihələri və dövlət qurumları arasında koordinasiyanın güclənməsi ilə əlaqələndirib.
İbrahimli növbəti mərhələdə telekommunikasiya infrastrukturunun və insan kapitalının inkişafına, kibertəhlükəsizliyə, süni intellektin idarə olunmasına, rəqəmsal bərabərliyə və xidmətlərin proaktivliyinə diqqət yetirilməsini vacib sayıb. O, rəqəmsal islahatların davamlılığı üçün monitorinqin, məlumatların açıqlığının və vətəndaş məmnunluğunun ölçülməsinin əhəmiyyətini də vurğulayıb.
Əsas mənbə: APA
