Aşıq sənətini yaşadanlardan biri

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

Aşıq Əsgər Abdulla oğlu Əsgərov (1939-1986) yaşasaydı bu gün 78 yaşı olacaqdı. Aşıq Əsgər qısa ömründə kimliyini və nəyə qadir olduğunu kifayət qədər sübut edə bildi. O, sənət aləmində öz sözünü layiqincə deyə bildi və öz izini qoydu. Təəssüf ki Allahın ona bəxş etdiyi bu xoşbəxtliklərdən istədiyi qədər bəhrələnə, həzz ala bilmədi. Amansız ölüm buna imkan vermədi. O, özü olamaqdı, el aşığı, ustad aşıq Əsgər olacaqdı. O, sevdiyi xalqının, vətəninin, dövlətinin müstəqilliyinə sevinəcəkdi. Bu sevincini daha yüksək şövqlə tərənnüm edəcəkdi. Aşıq Əsgərin səsi tez-tez məclislərdən gəlirdi.

Gedin yara xəbər verin,
Məni yaddan çıxartmasın.
Özgələrə demə sirrin,
Məni yaddan çıxartmasın.

Aşıq Əsgər söylər sözün,
Oxu, xoş gəlsin avazın.
Sevgilimə namə yazım,
Məni yaddan çıxartmasın.

Yaddaşlarda qalmış bu qoşma və gərayılar onun könül dünyasından və sənət aləmindən xəbər verir. Aşıq Əsgər Xızı rayonunun Bəyəhmədyurdu kəndində bəy nəslində anadan olmuşdu. Ailəsi Bakıya köçmüş, məktəbi də burada bitirmişdir. Hələ gənc yaşlarından rəqsə, sonradan tar alətinə böyük maraq göstərmişdi. Şeirə, qəzələ olan böyük marağı onu meyxanaçı kimi yetişməsində böyük təsiri olmuşdur. Onun qəzəl ustası Əliağa Vahidlə tanışlığı və onunla el məclislərində iştirak etməsi ona xüsusi zövq verirdi. Eləcə də tanınmış Aşıq Şakirlə tanışlığı, dostluğu onun bir Aşıq Əsgər kimi yetişməsində və tanınmasında xüsusi rolu vardı. Hətta bir dəfə Aşıq Əsgər Aşıq Şakirə demişdir ki, «mənə aşıqlıq sənətini öyrət». O, isə demişdir ki, «sənin səsin muğamata da yaxındır. Yaxşı olar ki, sən Yaqub Məmmədovun yanına get və ondan muğamatı da öyrən». Yaqub da dostu Aşıq Əsgərə məsləhət verərək demişdir ki, «yox sən elə aşıq kimi də oxu». Beləliklə Aşıq Əsgər ömrünün sonuna kimi aşıq sənəti ilə, eyni zamanda xanəndəliklə də məşğul olmuş, el şənliklərində uğurlu çıxışlar etmişdir. Aşıq Əsgər 36 dastandan 34-nü mükəmməl bilmişdir.
Hələ 1970-ci ilin əvvəlində mən aşıq Əsgəri Siyəzən şəhərində el şənliyində aşıq kimi çalıb-oxuyan görmüşəm. Aşıq Əsgər özünənməxsus aşıq idi. Özünə qarşı çox tələbkar idi. Onun iştirakı ilə keçirilən məclislər tamaşaçı kütləsi ilə dolu olardı. Hamı sakitcə ona qulaq asardı. Onun həm ifası, həm rəqs etməsi, həm də sazda çalğısı dinləyicidə xoş əhval-ruhiyyə yaradırdı. O, özündən çox əvvəl yaşamış ustad aşıqlardan Dədə Ələsgərin, Aşıq Bilalın, Aşıq Şəmşirin şeirlərini, qoşmalarını sevə-sevə elə həvəslə, elə maraqla oxuyardı ki, elə bil ki, bu şeir və qoşmaları onun üçün yazıblar.
Onu da qeyd edək ki, drammaturgiyamızın 100 illiyi münasibətilə indiki Heydər Əliyev adına sarayda bütün tanınmış aşıqlar yığışmışdı. Onların arasında üç nəfər solo oxuyanlardan biri də Aşıq Əsgər Bəyəhmədi idi.
Aşıq Əsgər 70-dən artıq saz havasını çalıb-oxumağı bacarırdı. Onun ifasında Şirvan aşıq məktəbinə məxsus «Kəsmə şikəstə» və Göyçə-Qazax aşıq məktəbinə məxsus «Yanıq Kərəmi» eyni məlahətlə səslənirdi. O, Siyəzən, Abşeron, Şamaxı, Ağsu, Bakı və ətraf kəndlərdə onlarla ağır yığınaqlı toy-mağar məclisini böyük xətir-hörmətlə başa çatdırmışdı, neçə-neçə cavanı murada yetirmişdi. Aşıq Əsgər qavalı əlinə alıb oxuyanda tamaşaçılar onu dinləməkdən həzz alırdılar. Çox təəssüf ki, bu gözəl aşığın ömrü yarımçıq qaldı. Amansız xəstəlik, vaxtsız ölüm Aşıq Əsgəri haqladı. Unudulmaz aşığı sənət dünyasından apardı. Onun sinəsindən süzülən qoşma, gərayı, təcnis, bayatısı, rübaisi bizlərə yadigar qalıb.

Gərəkdi beş kəlmə şirin söz deyəm,
Şirin vədələrdə kamanam, neyəm.
Bilməzdim, cavanam, qocayam-nəyəm,
Əsgərəm yaşımı eldən soruşdum.

 

Elşad Dağlı,
AJB-nin üzvü

Vətənim Media Shorts

YouTube-da aç ↗