Rəssam Tünzalə Məmmədzadə 28 yanvar 2019 tarixində Azərkitab kitab mərkəzində “BURA VƏTƏNDİR” adlı ipək üzərində rəsm sərgisi keçirilmişdir.
Sərgidə məşhur bəstəkar Cavanşir Quliyevin musiqilərinə, tanınmış rəssam Tünzalə Məmmədzadənin çəkdiyi 30 –a yaxın əsər sərgilənmişdir.
Cavanşir Quliyevin yaradıcılığına həsr olunan sərgini giriş sözü ilə açan incəsənət xadimi , sənətşünas Ziyadxan Əliyev təsviri və tədbiqi sənətin sintezi olaraq yaranan ipək üzərində rəsm sənətini rəssamlıq sənətində yeni fikir olduğunu qeyd etmiş, eyni zamanda bəstəkara həsr olunan sərginin də Azərbaycanda ilk hadisə olduğunu vurğulayaraq həm C. Quliyevi həm də T.Məmmədzadəni təbrik etmişdir.
Daha sonra tanınmış şair Ramiz Rövşən, akademik Rafiq Əliyev, teletənqidçi, publisist Qulu Məhərrəmli, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı çıxış edərək həm C.Quliyev yaradıcılığından bəhs etmiş, həm də , rəssamın gördüyü işləri yüksək qiymətləndirib, fərqli yanaşma münasibətilə onu təbrik ediblər.
Marmara Universitetinin doktorantı, tanınmış rəssam Tünzalə Məmmədzadə C. Quliyevin həm sənətinə həm şəxsiyyətinə böyük hörmət bəslədiyini, vətəndən uzaqda yaşayarkən C. Quliyevin musiqilərini dinləyərək duygulandığını bildirdi. Vətən həsrəti ilə yaratmağa başladığı əsərləri belə bir sərgi ilə sonlandırdığını söylədi.
Sonda Cavanşir Quliyev hər bir bəstəkarın musiqilərinə rəsm əsəri yaradılmasını arzu etdiyini qeyd edərək, sərgidən məmnun olduğunu ifadə etmişdir. C. Quliyevin “Bura Vətəndir”, “ Qızım”, “Hər şey gözəldir həyatda”, “Məni daha gözləmə”, “Tənha qadın”, “Azərbaycan-Türkiyə”, “Mustafa Kamal Paşa”, “Bəstəkarln kölgə effektli portreti”, C. Quliyevin öz kardiogramına köçürülmüş” Bura Vətəndir” musiqilərinə həsr olunan əsərləri sərgidə iştirak edən xarici səfirliklərin nümayəndələri və yerli qonaqlar heyrətlə izləmişdir.
Qeyd edək ki, C. Quliyev tanınmış Azərbaycanlı bəstəkar, Quzey Kıbrıs Respublikasında Yakın Doğu Universitetinin professorudur. İpək üzərində rəsm sənətinin yaradıcısı olan Tanınmış rəssam T. Məmmədzadə dünyada ilk olan ipək Quran kitabının müəllifidir.

