Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski 1920-ci ilin iyun ayında….
Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski 1920-ci ilin iyun ayında Tiflisdə erməni terrorçularının əli ilə qətlə yetiriləndə ailənin böyük övladı, 1902-ci il təvəllüdlü, 18 yaşlı Tamara Xoyskaya atasının dəfn mərasiminə çatmaq və Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsini və xarici pasport almalı idi. O, yenicə yaranmağa başlayan sovet idarələrinə üz tutur. Azərbaycan Hərbi-İnqilab Komitəsi sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düsür.
Başqa məmurlar kimi ona kömək edə bilməyən Mirzə Davud Hüseynov bir müddət sonra Tamara Xoyskaya ilə evlənir. Mirzə Davud Tamara Xoyskaya ilə qanuni nikaha girir və onlar 17 il birlikdə yaşayırlar. Maraqlıdır ki, onların hər ikisini Moskvada eyni gündə həbs etmiş, hətta eyni “voronkada” həbsxanaya aparmışdılar.
AXC dövründə Maliyyə nazirliyində, sonralar sovet sistemində müxtəlif yüksək vəzifələrdə çalışan Mirzə Davud 1938-ci ildə ölümə məhkum edilir, Tamara xanım isə sürgünə göndərilir. Həyatının bir çox illərini məhbəs və sürgünlərdə keçirən Tamara Xoyskaya 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı bir otaqlı mənzildə dünyadan köçür…
