Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rusiya İmperator Ordusunun general-mayoru Mirkazım bəy Talışxanovun əmisi oğlu Əsəd bəy T….
Rusiya İmperator Ordusunun general-mayoru Mirkazım bəy Talışxanovun əmisi oğlu Əsəd bəy Talışxanov 16 noyabr 1857-ci ildə Buynaksk şəhərində doğulub. Ağaəli bəyin Lənkəranda açdığı müsəlman məktəbində ilk ibtidai təhsilini aldıqdan sonra, o vaxtın ən yaxşı tədris ocaqlarından biri olan Bakı Ədadiyyə məktəbində oxumağa başlayır. Sankt-Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə Əsəd bəyin artıq 20 yaşı vardı, nizami ordu üçün püxtələşmiş bir zabit idi.1878-ci ildə Qafqaz Əlahiddə Ordusuna göndərilən Əsəd bəy praporşik rütbəsində 52-ci briqadada xidmətə başlayır.
Xidmətinin üçüncü ilində nümunəvi zabit olduğuna görə, Əsəd bəy Talışxanov batareya komandiri təyin edilir. Çar ordusu ötən əsrin otuzuncu illərindən başlayaraq Orta Asiyada istilaçılıq siyasəti aparmağa başlayır. Qafqazda Krım müharibəsi (1853–56) başa çatan kimi Şərqə tərəf yürüş başlanır.
Kokand və Buxara xanlıqları işğal olunur. Çimkənd, Daşkənd, Səmərqənd şəhərləri bir-birinin ardınca alınır. 1880-ci ildə isə Türkmənistanı fəth etmək üçün ruslar oraya 11 minlik qoşun yeritdilər.
Torpağın hər qarışı uğrunda inadla döyüşən Axal-təkinlilər general Lazerevin kiçik dəstəsini məğlub edirlər. Şərqə yürüşdə qələbə əldə etmək istəyən çar, Göytəpəni, Axal-Təkini ələ keçirmək üçün Şipka qəhrəmanı general Skobelevi də göndərir. Skobelevin qoşunu Qafqaz hərbi Dairəsinin döyüşçüləri ilə birləşib Göytəpə şəhərini dağıdır, onu müdafiə edən 25 min döyüşçünü qılıncdan keçirdir.
Axal-Təkini və Mərv şəhərini tabe edirlər. Əsəd bəy Talışxanov da öz batareyası ilə Axal-Təkini işğal edən ekspedisiyanın tərkibində iki il iştirak edir. Bu döyüşlərdəki igidliyinə görə üçüncü dərəcəli, qılınc və bantlı "Müqəddəs Anna", "Müqəddəs Stanislav" ordenləri ilə təltif olunur.
16 il keçəndən sonra həmin ordenlərin ikinci dərəcəsi ilə təltif olunan kapitan Əsəd bəy Talışxanov yeni əsri podpolkovnik rütbəsində qarşılayır. Tədqiqatçı M. Əliyev yazır ki, hərbi xidmətinin 25 illiyi münasibətilə Əsəd bəy 1902-ci ildə dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif olunur, 1910-cu il iyulun 9-da isə polkovnik rütbəsi alır.
Əsəd bəy Talışxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il aprelin 22-də general-mayor rütbəsi ilə təltif olunur. O, həmin il iyulun 25-də Qafqaz Əlahiddə Ordusunun 52-ci artilleriya briqadasının komandiri kimi yüksək vəzifəyə təyin olunur. Uzun illər bu ordunun tərkibində qüsursuz xidmətlərinə görə o, I dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav", III dərəcəli "Müqəddəs Vladimir" və IV dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif olunur.
General-mayor Əsəd bəy Talışxanov Sovet hakimiyyəti qurulduqdan sonra həbs olunaraq generallar üçün xüsusi olaraq yaradılmış düşərgədə saxlanılır. 28 mart 1921-ci ildə Arxangelskdə bolşeviklər tərəfindən güllələnir… ALLAH RƏHMƏT ELƏSİN!
