Vətənim Media xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın dünyəvi idarəetmə modelinin dini-mənəvi dəyərlərlə ziddiyyət yaratmadığını bildirib. Onun sözlərinə görə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli dəyərlərə hörmət ictimai sabitliyi möhkəmləndirən, bir-birini tamamlayan meyarlardır.
Məmmədov qeyd edib ki, dünyəvilik dövlət idarəçiliyinin qanun əsasında həyata keçirilməsini, vətəndaşların dinindən asılı olmayaraq bərabərliyinin və etiqad azadlığının qorunmasını nəzərdə tutur. O, gənclərin milli kimliyini dərk etməsi, müstəqil düşünməsi, məlumatları təhlil edərək manipulyasiyanı tanıması və düzgün qərar verməsinin əhəmiyyətini vurğulayıb. Bu tərbiyənin əsaslarının ailədə qoyulduğunu, təhsil müəssisələrində isə bilik, analitik düşüncə və hüquqi mədəniyyətlə inkişaf etdirildiyini bildirib.
Komitə sədrinin fikrincə, dini biliklər etibarlı mənbələrə əsaslanmalı, dini dəyərlərlə radikal ideyalar və xurafat fərqləndirilməlidir. Milli kimliklə müasirliyə açıq olmaq arasında seçim olmadığını deyən Məmmədov, milli-mənəvi dəyərlərin müasir düşüncə, fərdi azadlıq və vətəndaş məsuliyyəti ilə uzlaşdırılmasının vacibliyinə diqqət çəkib.
Əsas mənbə: APA
