Vətənim Media xəbər verir ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Tomarlı dini dəyərlərdən siyasi məqsədlərlə istifadə və cəmiyyətdə qarşıdurma yaratmaq cəhdlərinin yolverilməz olduğunu bildirib. O, məktəblərdə vahid geyim qaydalarına riayət edilməsinin nizam-intizamın, bərabərliyin və dünyəvilik prinsipinin qorunmasına xidmət etdiyini qeyd edib.
Tomarlının sözlərinə görə, Azərbaycan Konstitusiyası dövlətin dünyəvi xarakterini təsbit edir və bu prinsip milli dövlətçilik ənənələrinin əsas dayaqlarındandır. O, dini dəyərlərə hörmətlə yanaşmağın vacibliyini vurğulamaqla yanaşı, xaricdən yönləndirilən təxribat xarakterli çağırışlara qarşı ayıq olmağa, qanunları və milli maraqları rəhbər tutmağa çağırıb. Onun fikrincə, milli həmrəyliyin, qanunun aliliyinin və dünyəvi dövlətçilik prinsiplərinin qorunması ölkənin sabitliyi və gələcəyi üçün əhəmiyyətlidir.
Əsas mənbə: APA
