Vətənim Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvana səfəri zamanı muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan müəllimlərlə görüşüb. Görüşdə təhsil sistemindəki islahatlar, müəllimlərin peşəkar inkişafı, sertifikatlaşdırma və təhsilin keyfiyyətinin yüksəldilməsi müzakirə olunub.
Nazir şagirdlərdə müstəqil düşünmə və problemləri həll etmə bacarıqlarının formalaşdırılmasının vacibliyini vurğulayıb. O, təhsil qərarlarının əsas məqsədinin şagirdlərin daha keyfiyyətli təhsil alması olduğunu bildirib. Emin Əmrullayev müəllimlərin fikir və təkliflərini dinləyib, suallarını cavablandırıb.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov da iştirak edib. Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunan Naxçıvan təhsil işçilərinə mükafatlar təqdim edilib.
Əsas mənbə: APA
