Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda böyük maarifçi, teatr xadimi, şair Əliqulu…

Şrift
Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda böyük maarifçi, teatr xadimi, şair Əliqulu…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda böyük maarifçi, teatr xadimi, şair Əliqulu….

Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda böyük maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində doğulub.1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.1919-cu ildə burada atası menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. O,ilk təhsilini Naxçıvanda qız məktəbində alıb.

Tiflisdə rus dilində təhsilini davam etdirib. Atası öləndən sonra isə Naxçıvana qayıdıb və qız məktəbində oxuyub. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb.

Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda iştirak edib. Hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xəttli "Molla Nəsrəddin" jurnalını görən, Naxçıvanın, Tiflisin ədəbi mühitində böyüyən Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar. Qəmər Salamzadə təhsilini Moskva Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirir.20-ci illərin sonu, 30-cu illərin əvvəllərində "Azərkino"da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır.

Bakıya qayıdan tələbə Q. Salamzadə "Qızıl kol" bədii filmində (1930) rejissor assistenti, "Əlsiz adamlar"da (1932) rejissor assistenti, "Rəqs edən bağalar" da (1935) ikinci rejissor, "Dəcəl dəstə"də (1937) quruluşçu rejissor, "Səbuhi"də (1941) və "Bir ailə"də (1943) rejissor assistenti, "Ordenli Azərbaycan" sənədli filmində (1938) II rejissor, "DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində"ndə (1940) və "Şəfa nəğməsi"ndə (1944) rejissor və digər filmlərdə işləyib. Vaxtilə Bakıda çıxan "Raboçi zritel" jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu sözlər yazılmışdı: "Azərkino"da işləyən ilk qadın kinorejissor köməkçisi-türk qadını Qəmər Nəcəfova".

Qəmər Salamzadənin arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Üzləşdiyi təzadlar onu da sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi.

Qəmər Salamzadənin "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Beləliklə, "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın-Qəmər Salamzadə öz töhfəsini verə bilib. Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olub.

Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olmuşdu. Qəmər xanım həyat yoldaşı, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşayıb. O, 1994-cü ildə Bakıda vəfat edib…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗