Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.
Dəyərli dostlar! Azərbaycan tarixi dərsliklərində adı çəkilən filmlərdəki qəhrəmanlar haqqında silsilə paylaşımlarımızı davam etdiririk. Bu dəfə "Ögey ana" filmində İsmayılın dostu Dadaşın anası obrazını yaradan Şəfiqə Qasımova haqqında danışmaq istəyirik.
O, 5 dekabr 1924-cü ildə Bakıda doğulub. Kommunist rejiminin siyasəti nəticəsində imkansızlaşmış Qasımbəyovlar ailəsində dünyaya göz açıb. Kicik yaşlarında valideynlərini itirib və onu nənəsi böyüdüb.14 yaşında, Maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlayıb.
Həm Azərbaycan, həm də rus bölməsində oxuyub. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət edib. Cahangir Cahangirovun bədii rəhbəri olduğu Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləyib.
İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul oluub və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilib.(1942-1949-cu illərdə xor truppasında işləyib). Opera səhnəsində (1953-1956-cı illərdə solist kimi) Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Asiya, "Koroğlu"da Xanəndə qız, Fikrət Əmirovun "Sevil"ində Gülüş və Tafta, bir çox rus operalarında partiyaları ifa edib. Bülbül, Cavanşir Qafarov, Kamal Kərimov və digər görkəmli sənətkarlarla tərəf müqabili olub.1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlayıb.
Şəmsi Bədəlbəylinin bədii rəhbəri olduğu və yenidən açılan teatra ilk gələn aktrisalardan olub. Teatrın yaradılması onun aktrisa kimi imkanlarını daha da genişləndirib. Bu teatr ilk açılışına məhz Şəfiqə xanımın baş rolu ifa etdiyi "Durna" operettası ilə başlayıb.
Uzun illər ərzində baş və xarakterik rolların ifaçısı olub. Oynadığı tamaşalar arasında "Gözün aydın", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Qızılaxtaranlar", "Toy kimindir?", "Boşanib evlənərik", "Ulduz", "Qayınana", "Nazxanım naz eləyir", "Milyonçunun dilənçi oğlu", "Hicran", "Keto və Kote" və s. Uzun müddət Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov, Səyavuş Aslan, Münəvvər Kələntərli, Əzizağa Qasımov, Mobil Əhmədov, Zemfira Quliyeva, Əlihuseyn Qafarlı, Lütfiyar İmanov, İbrahim Şünasi və s.
kimi korifeylərlə səhnəni paylaşıb.1986-cı ildə təqaüdə çıxıb. Şəfiqə xanım həm də bir çox kinofilmlərdə yaratdığı obrazlarla yadda qalıb. Bu filmlər arasında rejissor Həbib İsmayılovun "Ögey ana" (Zeynəb), rejissor Tofiq İsmayılovun "Vulkana doğru" (Ana) və "Bizim məhəllənin uşaqları" (Ana) və s.
filmlər var. 1994-cü ildən Mədəniyyət Fondunun "Solmayan ulduzlar" kollektivinə dəvət edilib. Son illər bu teatrda oynanılan Səməd Vurğunun "Vaqif" tamaşasında Xuraman, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Gülnisə obrazlarını yaradıb.
Oynadığı Gülnisə roluna görə C. Cabbarlı adına mükafata layiq görülüb. Son illərdə Vaqif Mustafayevin "Manifest", "Milli bomba" (Nənə), "20 Yanvar" (Ana), "Yoxlama" və Hüseyn Mehdiyevin "Məkanın melodiyası" filmlərində rol alıb.
1960-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb. Şəfiqə Qasımova iki dəfə ailə həyatı qurub. Respublikanın xalq artisti Əşrəf Həsənovla uğursuz nəticələn evlilikdən sonra, görkəmli pəhləvan, 4 dəfə SSRİ çempionu, əməkdar idman ustası Musa Babayev ilə evlənib.
4 övladı, 8 nəvə və 6 nəticəsi olub. 2 oktyabr 2002-ci ildən fəxri prezident təqaüdçüsü idi. 3 aprel 2008-ci ildə Bakıda vəfat edib…
ALLAH RƏHMƏT ELƏSİN!
