Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1980-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş bu filmin ssenari müəllifi Asim C….
1980-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş bu filmin ssenari müəllifi Asim Cəlilov, quruluşçu rejissoru Teymur Bəkirzadədir. “Yol əhvalatı” iki sevən gəncin məhəbbəti və əliəyrilərin ifşası ilə bağlı hadisələri özündə əks etdirən kinokomediyadır. Şən və xeyirxah sürücü, gənc Mustafa gözəl Zümrüdlə evlənmək arzusundadır.
Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır. Amma Mustafa inadından dönmür, nəhayət qalib çıxır.
Zümrüd məhz ona ərə gedir. Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir “Yol əhvalatı” filminin əsas qəhrəmanlarından olan Mustafa rolunu Gürcüstanın teatr və kino aktyoru Vaxtanq Pançulidze canlandırıb. O, bu filmdə Səyavuş Aslan, Həmidə Ömərova, Yaşar Nuri, Hacı İsmayılov, Ceyhun Mirzəyev, Sofa Bəsirzadə, Eldəniz Zeynalov kimi məşhur aktyorlarla tərəf müqabili olub.
Film haqqında danışarkən Vaxtanq Pançulidze Səyavuş Aslan kimi aktyorla yanaşı çəkilməsindən xüsusilə məmnun qaldığını qeyd edib: "Səyavuş Aslan böyük aktyor və yüksək insani keyfiyyətlərə malik şəxsiyyətdir". Gürcü aktyorun sözlərinə görə, o, “Yol əhvalatı” filmində çəkilişə dəvət aldıqda çox həyəcanlanıb: “Ssenarini də oxumuşdum, çox xoşuma gəlmişdi. Eşidəndə ki, filmdə məşhur aktyor Səyavuş Aslan da çəkilir, düzü, az qala etiraz edəcəkdim.
Lakin, Səyavuş Aslanla tanışlığımızın ilk anlarındanca bu fikirdən yayındım. O, mənə ruh verdi, hər şeyi yerli-yataqlı izah etdi, yaş fərqimiz olmasına baxmayaraq dostlaşdıq”. Vaxtanq Pançulidzenin sözlərinə görə, film çəkilərkən o, Gürcüstan Teatr İnstitutunun tələbəsi olub.
Gürcü aktyor Tbilisdə Səyavuş Aslanın xatirəsinə həsr olunan anım gecəsində onun dünya kinematoqrafiyasının böyük ustası olduğunu və azərbaycanlı aktyoru ömrü boyu unutmayacağını söyləyib. “Mən Səyavuş Aslandan çox şey öyrəndim”-deyə o, “Yol əhvalatı”ndan danışarkən qeyd edib. Filmin çəkilişləri zaman 3-4 ay Bakıda qaldığını xatırlayan Vaxtanq Pançulidze o vaxtdan bəri Azərbaycana gəlmədiyini, amma gəlməyi çox istədiyini vurğulayıb.
Yol əhvalatı” komediya filmində Mustafa rolunda çəkilmiş Vaxtanq Pançulidze 2025-ci ildə nəzarətçi kimi çalışdığı Tbilisinin Müştəhid bağındakı işindən azad edilib. 1956-cı il təvəllüdlü aktyor sosial şəbəkə hesablarında işdən qovulmasını siyasi səbəblərlə əlaqələndirib: “Martın 3-dən rəhbərlik məni işdən azad etdi. Onlar bunu ixtisarla əlaqəli olduğunu bildirdilər.
Mən 10 il idi Müştəhid bağında çalışırdım. Əməkhaqqım 400 lari idi. Dolana bilmədiyim bu kiçik məbləği də əlimdən aldılar”.
Keçmiş aktyor çıxılmaz vəziyyətdə olduğunu qeyd edib və ictimaiyyətdən kömək istəyib. O, bank hesabı nömrəsini paylaşaraq vətəndaşlardan 1 lari də olsa belə köçürmələrini xahiş edib: “Xahişimi anlamağınızı xahiş edirəm. Başqa yolum yoxdur, çox çətin vəziyyətdəyəm”.
70 yaşlı V. Pançulidze sovet dövründə Gürcüstanda kino ulduzu olub. O, 20 gürcü filmində baş rolda çəkilib.1990-cı illərin əvvəllərindən filmlərə dəvət almayıb.
İşsiz qaldıqdan sonra 1998-ci ildə Yunanıstana köçüb və 2004-cü ilədək bu ölkədə çalışıb…
