Xəyal Axunzadzadə “Azərbaycanfilm”in istehsal etdiyi cəmi iki filmdə çəkilib -“Cazibə qüv…

Şrift
Xəyal Axunzadzadə “Azərbaycanfilm”in istehsal etdiyi cəmi iki filmdə çəkilib -“Cazibə qüv…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xəyal Axunzadzadə "Azərbaycanfilm”in istehsal etdiyi cəmi iki filmdə çəkilib -“Cazibə qüv….

Xəyal Axunzadzadə "Azərbaycanfilm”in istehsal etdiyi cəmi iki filmdə çəkilib -“Cazibə qüvvəsi”(1964) və “Sən niyə susursan?”(1966). Hər iki ekran əsərində də baş rolda oynayıb. Onun haqqında informasiya çox azdır.

Xəyal Axundzadə Bakıda ziyalı ailəsində dünyaya gəlib, atası akademik Axundzadə 60-cı illərin tanınmış elm adamlaından olub. O vaxtlar Xəyal stend atıcılığı üzrə Azərbaycan çempionu olmuşdu. Yəni kinoya dəxli olmayan bir sahənin adamı idi.

Peşəkar aktyor olmayan bu şəxsin kinoya gəlişinin maraqlı tarixçəsi var. Onu kinorejissor Həsən Seyidbəyli təsadüfən bir məşhurun yas məclisində “kəşf etmişdi”. 1963-cü il dekabrın 9-da 43 yaşlı məşhur kinorejissor Lətif Səfərov (mərhum Xalq artisti Şövkət Ələkbərovanın həyat yoldaşı) ov tüfəngi ilə intihar edir.

O zaman Səfərovlar ailəsinə başsağlığına gələnlərin axını olur. Səfərovlar ailəsinin qonşusu, akademik Axundzadə görəndə ki yas məclisinə gələnlərin sayı-hesabı yoxdur, onda öz mənzilinin qapısını taybatay açaraq qonaqların ixtiyarına verir. Yas məclisinin keçirildiyi günlərin birində Həsən Seyidbəyli də bir qrup kino işçisi ilə Lətif Səfərovun ailəsinə başsağlığı verməyə gəlir.

Məclis davam etdiyi müddətdə ətrafı diqqətlə seyr edən Həsən Seyidbəylinin gözü ziyarətçilərə qulluq göstərən ev sahibinin oğluna sataşır. Elə həmin anda Həsən müəllimin ağlından bu yaraşıqlı gənci gələcək filmlərinin qəhrəmanına çevirmək fikri keçir. 1964-cü ildə Həsən Seyidbəyli özünün ekranlaşdırdığı “Cazibə qüvvəsi” filminin sınaq çəkilişlərinə bir çox aktyorla yanaşı, Xəyal Axundzadəni də dəvət edir.

İlk dəfə kinoya gəlib sınaq çəkilişlərinə qatılan Xəyal Axundzadə yaradıcı heyət tərəfindən bəyənilir və o, rola təsdiq olunur. X. Axundzadə “Cazibə qüvvəsi” filmində baş rola (Teymur) çəkilir.

Yeri gəlmişkən, bu filmdə Xəyal Axundzadənin tərəf müqabili olan aktrisa Rəna Səlimova (Gülbəniz rolunun ifaçısı) 1966-cı ildə onunla birgə “Sən niyə susursan?” filminə (Cəmilə) də çəkilir və hətta onlar gerçək həyatda ailə də qururlar. Amma bu ailənin ömrü uzun olmur… Xəyal Axundzadə “Sən niyə susursan?” filmindəki Rasim obrazını səmimi, inandırıcı və təsirli şəkildə təqdim edərək, onun xarakterinin dərinliklərini və hisslərini ustalıqla tamaşaçıya çatdırıb.

“Sən niyə susursan?” filmində Yusif Vəliyev (Şirməmməd), Oleq Xabalov (Nəcəf), Məmmədsadıq Nuriyev (arıq), Həsənağa Turabov (milis mayoru), Fazil Salayev (qatil), Mirzə Babayev (avtomüfəttiş), Sadıq Hüseynov (sahə müvəkkili) kimi böyük aktyorlar çəkilib. Xəyal Axundzadənin “Sən niyə susursan?” filmindəki rolu Azərbaycan kinosunda xüsusi yer tutur və onun ifası tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir. Yeri gəlmişkən, filmdə Rasim obrazını Xəyal Axundzadə canlandırsa da, onun səsi Əməkdar artist Həsən Əbluc tərəfindən səsləndirilib.

“Sən niyə susursan?” filmində Cəmilə obrazını oynamış aktrisa Rəna Səlimova o illəri belə xatırlayır: Xəyal Axundzadəylə tanışlığımız “Cazibə qüvvəsi” filminin çəkilişlərindən başladı. Xəyal yaraşıqlı oğlan idi. Daha sonra onunla “Sən niyə susursan?” filmində də çəkildim.

Elə kinoya çəkilə-çəkilə aramızda gerçək sevgi yarandı. Xəyal mənim ilk sevgim olub. Bütün günü onunla bir yerdəydim.

Onunla Gürcüstanda, Şəkidə, Gəncədə çəkilişlərdə olmuşam. Yavaş-yavaş başladıq qol-qola gəzməyə, sonra da evləndik… Mən onunla “Sən niyə susursan?” filmindən sonra ailə qurmuşdum.

Cəmi iki il bir yerdə yaşadıq. Onda hər ikimiz cavan idik. Məni kinolara çəkirdilər, onu yox, o da məni qısqanmağa başladı.

Sonra həmişəlik ayrılmağa məcbur olduq”. Xəyal Axundzadənin 1989-1993-cü illərdə Dövlət Təbiəti Mühafizə Komitəsində (indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyi) işlədiyi barədə məlumatlar var. 90-cı illərin əvvəllərində isə Azərbaycanı tərk edərək Almaniyaya köçüb.

İllər öncə qürbət ölkəyə köçən həmyerlimizin indi təxminən 80 yaşı olmalıdır. Əlbəttə əgər həyatdadırsa. Çünki, Xəyal Axundzadənin hazırda həyatda olub-olmadığı barədə dəqiq məlumatı təəssüf ki, öyrənə bilmədik…

(mənbə:modern. az)

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗