Vətənim Media xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan həbsdə olan Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılarkən müqavimət göstərmədiyini deyib. Onun sözlərinə görə, səlahiyyətli qurumlar Azərbaycan hərbçisinin sərhədi keçə biləcəyi barədə məlumat aldıqdan sonra axtarışa başlayıblar. Papikyan bu halı Musayevin diversant olmadığına dəlalət edən məqam kimi qiymətləndirib.
Nazir hadisə barədə daha geniş məlumatın rəsmi araşdırma və istintaq tədbirləri başa çatdıqdan sonra açıqlanacağını bildirib. Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Laçın istiqamətindəki hərbi hissələrdən birində xidmət edən Musayevin sentyabrın 26-da xidmət yerində olmadığı müəyyənləşib və axtarış tədbirləri başlanıb. Hərbi Prokurorluğun araşdırmasında onun hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı əsaslı şübhələr ortaya çıxıb.
Əsas mənbə: APA
