Vətənim Media xəbər verir ki, Bakının Xətai rayonunda bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə əlaqədar saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat məhkəməyə göndərilib. APA-nın məlumatına görə, təqdimata Xətai Rayon Məhkəməsində baxılır. Saxlanılanlara Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti APA-ya bildirib ki, hadisədə iştirak etdiyi müəyyən edilən 9 nəfər saxlanılıb, əməliyyat-axtarış tədbirləri davam edir. APA-nın Lent.az-a istinadən yaydığı məlumata görə, saxlanılanlardan Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.
Hadisə General Şıxlinski küçəsindəki kafedə baş verib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Davanın biznes münasibətləri zəminində baş verdiyi barədə məlumat yayılıb.
Əsas mənbə: APA
