Vətənim Media xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Hesablama Palatasının audit nəticələrinin mediada bəzi hallarda məzmun və kontekstdən kənar işıqlandırıldığını bildirib. Agentlik xüsusilə “TKTA-da saxta diplomlar aşkarlandı” başlıqlarının Palatanın rəsmi məlumatındakı faktları düzgün ifadə etmədiyini qeyd edib.
TKTA-nın açıqlamasına görə, auditdə xarici kvalifikasiyaların tanınması üçün təqdim olunan sənədlərin həqiqiliyinin yoxlanılması və saxta sənədlərlə bağlı görülən tədbirlər əks olunub. Agentlik vurğulayıb ki, vətəndaşların təqdim etdiyi saxta sənədlərin müəyyən edilməsi ilə TKTA-nın öz fəaliyyəti nəticəsində aşkar olunması fərqli məqamlardır. Sənədlərin həqiqiliyini yoxlamaq üçün xarici ali təhsil müəssisələrinə sorğu göndərilir, autentik olmadığı müəyyən edilən sənədlərlə bağlı qanunvericiliyə uyğun qərarlar qəbul olunur.
Agentlik bildirib ki, saxta diplom və digər təhsil sənədləri ilə bağlı müəyyən edilmiş hallar hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim edilir. Açıqlamada auditin maliyyə hissəsində maliyyə idarəçiliyi, satınalmalar, müqavilələrə nəzarət, uçot, hesabatlılıq, gəlir və xərclərin nisbəti ilə bağlı məsələlərin yer aldığı da qeyd olunub.
Əsas mənbə: APA
