Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsi

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsi

Azərbaycanın müasir tarixində elə siyasi hadisələr var ki,
onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı
dövlətçilik proseslərinin istiqamətinə də ciddi təsir göstərir. 3
oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının
Prezidenti seçilməsi də məhz belə mühüm tarixi hadisələrdən
biridir.

1993-cü ilin Azərbaycanı olduqca mürəkkəb ictimai-siyasi
vəziyyətlə üz-üzə idi. Müstəqilliyin ilk illərinin yaratdığı
çətinliklərə Ermənistanın hərbi təcavüzü, iqtisadi problemlər,
hakimiyyət böhranı və ölkə daxilində siyasi qarşıdurmalar əlavə
olunmuşdu. Dövlət idarəçiliyinin zəifləməsi və müxtəlif silahlı
qüvvələr arasında qarşıdurma ölkənin parçalanması təhlükəsini
artırmışdı. Prezident Kitabxanasının tarixi materiallarında da
həmin dövr dərin siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhran
mərhələsi kimi xarakterizə olunur.

Belə bir şəraitdə Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya
qayıtması və əvvəlcə Ali Sovetin sədri seçilməsi ölkənin siyasi
həyatında yeni mərhələnin başlanğıcı oldu. İyunun 23–24-də
prezident səlahiyyətlərinin Ali Sovetin sədrinə verilməsi ilə
dövlət idarəçiliyində yaranmış böhranın hüquqi-siyasi müstəvidə
aradan qaldırılmasına istiqamət verildi. Milli Məclisin
materiallarında həmin dövrdə parlamentin qərarlarının ölkədəki
gərginliyin aradan qaldırılmasına və dövlət nəzarətinin bərpasına
xidmət etdiyi qeyd olunur.

03 oktyabr prezident seçkiləri bu prosesin mühüm siyasi nəticəsi
oldu. Rəsmi məlumatlara əsasən, seçkidə Heydər Əliyev seçicilərin
98,8 faizinin səsini qazandı və Azərbaycan Respublikasının
Prezidenti seçildi. 10 oktyabrda isə onun andiçmə mərasimi
keçirildi. Bununla dövlət hakimiyyətinin legitimliyinin seçki yolu
ilə möhkəmləndirilməsi istiqamətində mühüm addım atıldı.

Bu seçkinin ictimai-siyasi əhəmiyyətini ilk növbədə Azərbaycanın
dövlətçilik institutlarının möhkəmləndirilməsi baxımından
qiymətləndirmək mümkündür. Həmin dövrdə əsas məsələlərdən biri
ölkənin siyasi sabitliyinin təmin edilməsi, dövlət idarəçiliyinin
effektivliyinin bərpası və cəmiyyətin ümumi milli məqsədlər
ətrafında birləşdirilməsi idi. Sonrakı illərdə həyata keçirilən
dövlət quruculuğu prosesləri, yeni qanunvericilik bazasının
formalaşdırılması və idarəetmə institutlarının yenilənməsi bu
mərhələnin mühüm nəticələri sırasında göstərilir.

1993-cü ildən sonra Azərbaycanın siyasi və hüquqi sistemində
aparılan dəyişikliklərin ən mühüm nəticələrindən biri 12 noyabr
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının ümumxalq
səsverməsi ilə qəbul edilməsi oldu. Bununla dövlət hakimiyyətinin
təşkili, insan hüquq və azadlıqları, hakimiyyət qollarının
qarşılıqlı fəaliyyəti və dövlət quruculuğunun əsas prinsipləri üçün
hüquqi çərçivə formalaşdırıldı.

03 oktyabr seçkisinin digər mühüm istiqaməti Azərbaycanın xarici
siyasət və beynəlxalq münasibətlər sistemində öz mövqeyini
möhkəmləndirməsi ilə bağlıdır. 1993-cü ildən sonrakı dövrdə ölkənin
beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici investisiyaların
cəlb edilməsi və Azərbaycanın dünya iqtisadi sisteminə
inteqrasiyası dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi. Bu
baxımdan həmin dövr müstəqil Azərbaycanın gələcək inkişaf modelinin
əsaslarının formalaşdığı mərhələ kimi də xarakterizə olunur.

Bu tarixi hadisənon ictimai əhəmiyyəti ilk olaraq cəmiyyətdə
sabitlik və dövlətçiliyə münasibətin formalaşması ilə bağlı idi.
1993-cü ildə siyasi qeyri-müəyyənliyin yaratdığı narahatlıq
şəraitində prezident seçkilərinin keçirilməsi və hakimiyyətin seçki
yolu ilə formalaşdırılması dövlət institutlarına ictimai etimadın
bərpası baxımından əhəmiyyət daşıyırdı. Milli Məclisin
materiallarında seçkinin nəticələri Azərbaycanın siyasi həyatında
mühüm dönüş kimi təqdim edilir.

3 oktyabr 1993-cü il tarixi müstəqilliyin ilk illərində yaşanan
ağır siyasi böhrandan dövlət quruculuğunun daha sistemli
mərhələsinə keçidi ifadə edən hadisələr silsiləsinin mühüm həlqəsi
oldu. Sonrakı illərdə formalaşdırılan siyasi, hüquqi və iqtisadi
institutlar müstəqil Azərbaycanın inkişafında uzunmüddətli
nəticələr yaratdı.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Əsas mənbə: Trend

Vətənim Media Shorts

YouTube-da aç ↗