Vətənim Media xəbər verir ki, Nazirlər Kabineti Azərbaycanda sudan ödənişli istifadə qaydalarını yeni redaksiyada təsdiqləyib. Sənəd ödənişlərin suyun təyinatı, həcmi və götürülmə üsuluna əsasən hesablanmasını, su ehtiyatlarından səmərəli istifadənin təşviqini nəzərdə tutur. Tarifləri və onların yuxarı həddini Tarif Şurası müəyyən edir.
Texniki qurğularla götürülən suyun həcmi, suölçən cihaz varsa, onun göstəriciləri əsasında hesablanacaq. Cihaz olmadıqda hesablama elektrik sərfiyyatına, istehsal olunan enerjiyə və ya qurğunun illik su götürmə imkanına görə aparıla bilər. Ümumi istifadəyə açıq su obyektlərindən şəxsi ehtiyaclar üçün istifadə ödənişsizdir; müəyyən hallarda içməli su təchizatı və elektrik enerjisi istehsalı üçün götürülən suya görə də haqq tutulmur. Uçot və nəzarəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu həyata keçirəcək.
“Regional Su Meliorasiya” QSC-nin verdiyi xam su üçün ödəniş suyun həcminə uyğun hesablanacaq. Ödəniş etməli tərəflər arasında su istifadəçiləri birlikləri, birbaşa suvarma aparan kənd təsərrüfatı istehsalçıları, otlaq sahələrinin istifadəçiləri, balıqçılıq təsərrüfatları, ev təsərrüfatları və sənaye müəssisələri yer alır.
Əsas mənbə: APA
