Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Elçin Məmmədov — həyatı və yaradıcılığı.
Elçin Məmmədov 1946-cı il mayın 29-da Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində doğulub. Valideynləri sənət adamları olduğu üçün Elçini uşaqlıqdan özündən 14 yaş böyük bacısı Solmaz böyüdüb.11-ci sinfi bitirdikdən sonra İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə daxil olub. İlk dəfə uşaqlıq dostu Azər Paşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəsm işlərini görüb.
İxtisasca rəssam olsa da, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” kimi maraqlı filmlərdə yaddaqalan obrazlar yaradıb. "Yeddi oğul istərəm” filmində Mirpaşa obrazını canlandıran Elçin Məmmədov haqqında maraqlı bir xatirəni aktyor Ənvər Həsənov belə xatırlayırdı: "Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir.
Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanlara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər.
"Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər", söylədilər. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm Elçin Gizir rolunu ifa edən Hamlet Xanızadənin ayağından tutub, ilan kimi fısıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı.
Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, "ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız". Bəlkə, bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Elçin Hamletin qorxusundan ordan qaçdı.
Hamlet durdu ayağa ki, "hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəm". Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq(mənbə:kulis. az)…
Tofiq Tağızadə tərəfindən Elçinin "Yeddi oğul istərəm" filmindəki Mirpaşa roluna təsdiq olunmasının maraqlı tarixçəsi var. Bu rola xalq artisti Eldəniz Zeynalov dəvət olunur. Ancaq o, at çapmaqdan imtina etdiyinə görə rol ona verilmir, rejissor Elçin Məmmədovun üzərində dayanmalı olur…
"Yeddi oğlu istərəm” filmində Mirpaşanın damdan atın üstünə tullanma səhnəsi çəkilərkən qorxurmuşlar ki, atın beli qırıla. Sonradan Elçin danışırmş ki, görünməmək şərtilə atların qabağına nazik məftillər çəkirdilər. Heyvanlar çapanda ayaqları o məftilə ilişib yıxılırdı, bu zaman isə kənardan güllənin səsini verirdilər, guya ata güllə dəydi yıxıldı.
Mirpaşanın məscidə it bağlamaq səhnəsi ssenaridə vardı. Amma yerdə qalan hərəkətlər, sözlər onun daxilindən gəlirdi. Məhz bu obrazdan sonra Elçin Məmmədov tanınır.
Hər yerdə onu Mirpaşa kimi tanıyırdılar. "Dədə Qorqud" filmində yaratdığı Qaraca Çoban obrazı da onu tamasaçılara çox sevdirmişdi… …
Elçin dini mükəmməl bilir, namaz qılır və Quranı mütaliə edirdi. Quran ayələrinin təhlilini bacarırdı. Bütün pirləri, ocaqları ziyarət edirdi.
Ağıllı, savadlı və hərtərəfli inkişaf etmiş biliyə sahib idi. Yaponların dördlük şeirlərini təhlil edir, hind fəlsəfəsini gözəl bilirdi. İngilis dilində sərbəst danışmağı bacarırmış.
Deyilənə görə, xeyli səliqəsiz və bir az da tənbəl adam olub. Saqqalını da tək imicə görə yox, təmizləməyə tənbəllik etdiyi üçün də saxlayırmış. Çiynindən həmişə torba asırmış.
Elçin Məmmədov hələ 33 yaşında ağır infarkt keçirsə də sonrakı illərdə ürəyindən şikayət etmirdi. Dünyasını dəyişməzdən əvvəl həmişəki kimi emalatxanasına gedir. Lakin, özünü pis hiss etdiyindən yaxınlıqdakı adamlardan emalatxanadakı rəssamlardan birini çağırmağı xahiş edir.
Otaq yoldaşı gələndə isə Elçin artıq dünyasını dəyişir, 2001-ci il fevralın 18-də həyatla əbədi vidalaşır… ALLAH RƏHMƏT ELƏSİN!
