Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rejissor Adil İsgəndərovun — həyatı və yaradıcılığı.
Rejissor Adil İsgəndərovun 1963-cü ildə çəkdiyi "Əhməd haradadır?" filmindən Ceyran kimi tanıdığımız xanım əslində kimdir? Nona Paçuaşvili 1943-cü il oktyabın 2-də Tbilisidə doğulub. Tbilisi Teatr İnstitutunu bitirəndən sonra Şota Rustavelli adına Dram Teatrına aktrisa kimi işə düzəlib.
O, "Əhməd haradadır? "filminin çəkilişlərindən bir müddət əvvəl Nona Tamazi adlı şəxslə ailə həyatı qurur. Atası nazir olan Tamazi aktrisa xanımının kino və teatr fəaliyyətinə qarşı heç bir qadağa qoymur.
Rejissor Adil İsgəndərovla Nonanın tanışlığı isə belə olur. Rejissor Tbilisiyə, dostu və tələbə yoldaşı Dodo Aleksidzenin yanına gedir və ona Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə baxmaq istədiyini söyləyir. Üçüncü kurs tələbələrinin etüdlərinə baxır.
Nonanı görən kimi "tapdım" deyir. Nona Paçuaşvili özü bu haqda belə xatırlayır: "Rejissor Adil İsgəndərov Tbilisiyə gələndə mən Teatr İnstitutunun 3-cü kursunda oxuyurdum. O, Ceyran roluna qız axtarırdı.
Seçimini mənim üzərimdə saxlaması özüm üçün də sirr olaraq qalır. Azərbaycanlı qızlardan fərqli olaraq sarışın saçlarım və çilli üzüm var idi. Sonralar mənə danışırdılar ki, Adil İsgəndərov məni görən kimi sakitləşərək "onun gözləri Ceyranın gözləri kimidir.
O bu rolu oynayacaq" deyib. Nonanın sözlrəinə görə, "Əhməd Haradadır?" filmi üçün onun saçlarını rəngləyir, milli Azərbaycan paltarını geyindirirlər və əlavə olaraq rəqs etməyə öyrədirlər. Filmdə sürücü Əhməd obrazını canlandıran aktyor Elxan Qasımov deyirdi ki, Nonaya rəqs etməyi həm də o, öyrədib.
"Əhməd hardadır?" filmi MDB məkanında çox böyük uğur qazanır. Lakin, bu film Nonanın çəkildiyi ilk və son film olur. Buna səbəb isə gürcü aktrisanın çəkilişlər zamanı Bakıda yaşadığı şəxsi faciə olur.
Belə ki, aktrisanın həyat yoldaşı film çəkilişləri başlanandan bir müddət sonra Bakıya həyat yoldaşının yanına gəlir. Gecə oteldə Tamazini elektrik cərəyanı vurur və o, həyatını itirir. Bu haqda aktyor Elxan Qasımov deyirdi: "O vaxt Nona Paçuaşvili təzə ərə getmişdi.
Ona demişdilər ki, filmə əlaqədar hamilə olmasın. O da söz vermişdi. Nonanın əri Tamazi Bakıya ilk çəkilişə gəldi."İnturist"də qalırdılar.
Gecə Nonanın ərini maqnitofondan "tok" vurdu. O, Gürcüstanda bir nazirin oğlu idi. Çox da yaraşıqlı oğlan idi Tamazi.
Çəkilişlər dayandı, yas mərasimi oldu. Çəkilişlər bərpa olunanda gördük ki, Nona hamilədir. Amma buna görə ona heç kim heç nə deyə bilmədi.
Mən onu 40 ildən sonra ilk dəfə gördüm və tanımadım. Ona bir qardaş kimi olmuşam. Anası ilə də yaxın münasibətimiz var idi.
Xətrimi çox istəyirdi". Nona Paçuaşvili isə o faciəni belə xatırlayır: "Məni bu rola dəvət edəndə həyat yoldaşım Tamazi ilə yeni evlənmişdik. Həm zahirən, həm də daxilən çox gözəl insan idi.
Mən institutun 3-cü, o isə 5-ci kursunda oxuyurdu. Filmin çəkilişləri vaxtı Tamazi məni görmək üçün Bakıya gəldi. Mehmanxanada səs valları ilə işləyən vaxtı mikrofonun düyməsini basanda qəfildən onu elektrik cərəyanı vurdu.
Yoldaşım gözümün qarşısında canını tapşırdı. Onda mən hamiləliyimin dördüncü ayını yaşayırdım. Çəkilişlərdən imtina eləmək istəyirdim, çünki, çox ağlayırdım.
Amma elə o vəziyyətdə də işimi davam etdirdim. Sonra oğlum dünyaya gəldi, adını elə atasının şərəfinə Tamazi qoydum". Ərinin ölümü aktrisaya o qədər pis təsir edir ki, o, "Əhməd hardadır?" filmindən sonra bir daha kinoya çəkilməyəcəyinə söz verir və belə də edir.
Amma sənətini teatrda davam etdirir. Aktrisa teatrda “Qafqaz təbaşir dairəsi”, “Mən gəldim”, “Jakonun miqrantları” kimi tamaşalarda maraqlı obrazlar yaradıb. Gürcü teatrına bir-birindən fərqli rollar bəxş edən Nona Paçuaşvili 1981-ci ildə Gürcüstanın xalq atristi adına layiq görülüb.
Bütün ömrü boyu məşhur Rustaveli teatrının səhnəsində oynayan aktrisa tanınmış rejissor Robert Sturua ilə birgə çalışıb. O, həmçinin "Evrika" telekanalında müasir dövrün tanınmış aktyorlarına həsr olunan müəllif verilişinin aparıcısı olub.83 yaşlı aktrisa hazırda oğlu və nəvələri ilə birgə Tbilisidə yaşayır.(mənbə:kulis. az)
