Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində doğulub..
Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində doğulub. Atası Mirzə Əli Əsgər Qarabaği xanəndə, tarzən və kamança ifaçısı olub, Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülüb. Mirzə Muxtar ilk təhsilini atasının yanında alıb, muğamları ondan öyrənib.
Onun doğum ili müxtəlif mənbələrdə 1841, 1842, 1852 və 1859-cu il kimi verilir. Yeniyetmə yaşlarından Azərbaycan və fars dillərində lirik şeirlər, qəzəllər müəllifi kimi tanınıb. Xarrat Qulunun muğam məclislərində yaxından iştirak edib, "Segah", "Mahur-Hindi", "Qatar bayatısı" muğamlarını ifa edib.
Şuşada müəllimliklə məşğul olub. Qarabağ ziyalıları ona hörmət əlaməti olaraq "Mirzə" deyə müraciət edib. Mirzə Muxtar rus və erməni dillərini bildiyi üçün 1860–1870-ci illərində Şuşada "Qış klubu"nda səhnələşdirilən rus və erməni teatr tamaşalarını mütəmadi olaraq izləyib, tamaşa hazırlamaq ideyası da bu dövrdə yaranıb.1870-ci ildə Novruz bayramı münasibətilə hazırladığı "Qaravəlli" tamaşası müsbət qarşılanıb.
Elə həmin il ziyalıları (əsasən müəllimləri) bir araya gətirərək "Hacı Quluların zalı"nda Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasını tamaşaya qoyub. Sonrakı illərdə də "Hacı Qara" komediyası Mirzə Muxtarın iştirakı ilə oynanılıb. Hətta 1880-ci ildə o, həmin tamaşanı Şuşada yerləşən kazarmada oynayıb.
Mirzə Muxtar Məmmədovun aktyorluğunun 1883-cü ilə qədərki ilkin mərhələsi Şuşa ilə bağlıdır.1883-cü ildə Mirzə Muxtar Gəncəyə köçərək burada müəllimlik edib, sonra isə Tiflisə gedərək xüsusi gimnaziyada təhsil almaqla yanaşı, türk-rus ilkin məktəbində dərs deyib. Burada o, Sultanməcid Qənizadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin kiçik məsxərələrini tamaşaya hazırlayıb.1897-ci ildə göstərilmiş "Məcnun Leylinin məzarı üstündə" birpərdəli musiqili tamaşasında iştirak edib. 1899-cu ildə Mirzə Muxtar Bakıya köçərək burada məktəblərin birinə müəllim düzəlir.
Cahangir Zeynalov, Məhəmməd Əlvəndi, Əbülfət Vəli ilə əlaqələri onun Bakının teatr mühitində tanıdır.1905-ci ildə müəllimlik fəaliyyətini tam dayandırır, teatr fəaliyyətinə başlayır. "İkinci müsəlmən dram cəmiyyəti"nin, "Həmiyyət", "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin, Hüseynqulu Sarabskinin "Opera artistləri dəstəsi", "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti", Abbas Mirzə Şərifzadənin "Müsəlman artistləri ittifaqı" teatr truppalarında aktyorluq edir. 1907-ci ilin sonlarında Bakıda maarifpərvər İmran Qasımovun (Kəngərli) evində və "İslamiyyə" mehmanxanasında məşqləri aparılan və ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un hazırlanmasına ilkin dəvət alanlardan da biri məhz Mirzə Muxtar olub.
O, operanın 12 (25) yanvar 1908-ci ildə göstərilən ilk tamaşasında Əbdül Qeys (Məcnunun atası) rolunu ifa edib. Mirzə Muxtar yaşlı vaxtlarında aktisa çatışmazlığından Üzeyir Hacıbəyovun "Arşın mal alan"da Cahan xala, "Məşədi İbad"da Həsənqulu bəy və Gülnaz, "Ər və arvad"da Yetər, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Yetər, "Müsibəti-Fəxrəddin" faciəsində Hürü, Nəriman Nərimanovun "Şamdan bəy" əsərində Pərizad, Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" vodevilində Gülcamal kimi qadın rollarını oynayıb. Sonra müxtəlif janrlı tamaşalarda səhnəyə çıxıb.
1913-cü ildə Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley gecəsi keçirilib, yubilyarın da iştirakı ilə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr göstərilib. 1918-ci ilin martında Bakıda erməni birləşmələri tərəfindən törədilmiş kütləvi qırğınlar zamanı Mirzə Muxtarın evi dağıdılıb, varidatı əlindən çıxıb. "Bəsirət" qəzetinin 17 noyabr 1918-ci il tarixli sayında bu barədə "Dilənçi artist" adlı məqalə də dərc edilmişdi.
Teatr xadiminin ağır həyat şəraitindən xəbər tutan Hacıbəyov qardaşları ona ayda 500 manat təqaüd təyin etmişdilər. Mirzə Muxtar həyatının son 10 ilində (1919–1929) musiqişünaslıqla məşğul olub. 1929-cu ilin yanvar ayında Bakıda vəfat edib…
RUHU ŞAD OLSUN!
