Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rəsm əsərləri dünyanın müxtəlif muzey və sərgilərində nümayiş etdirilən Toğrul Nərimanbəy….
Rəsm əsərləri dünyanın müxtəlif muzey və sərgilərində nümayiş etdirilən Toğrul Nərimanbəyov əslində kimdir? O, 7 avqust 1930-cu ildə Bakıda doğulub. Babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub.
Kiyevdə dərs deyib. AXC qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator kimi fəaliyyət göstərib. Atası Fərman Nərimanbəyov AXC-nin xaricdə oxumağa göndərdiyi 100 tələbədən biri olub.
O,Tuluza Universitetinin mühəndis-elektrik ixtisasını bitirib. Fransada yaşayarkən İrma Lya Rude adlı dərzi bir xanımla ailə həyatı qurub. Toğrulun qardaşı Vidadi orada dünyaya gəlib.1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır və tələbə yoldaşı-elektrikləşmə məsələləri üzrə nazir İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir.
Toğrul Nərimanbəyov həmin ərəfədə dünyaya gəlir.1930-cu ilin sonlarında Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi repressiyaya məruz qalır və Sibirin Marinsk şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır.
Daha sonra məktəb başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır.1940-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o, vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Kustanaya, daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olarkən Toğrul və qardaşına polyak əsilli dayələri Anna Andreyevna baxır. Sonralar Nərimanbəyov dayəsinin portretini çəkərək tabloya "Ana" adını verir.
Toğrul Nərimanbəyov 1946-cı ildə əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur.1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır.1955-ci ildə buradan məzun olur. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşür.1961-ci ildə Toğrulun anası bəraət alıb Bakıya qayıdır.
Bir müddət sonra amnistiyaya düşən atası Fərman bəy Nərimanbəyov da Sibir sürgünündən Azərbaycana qayıdır. 1980-ci illərdən sonra Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaşayır. Bakıdan Moskvaya səyahət edən rəssam bir müddət burada yaşadıqdan sonra 1989-cu ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərinə dəvət edilir və burada fərdi sərgilər açır.
1992-ci ildə Lüksemburqa köçür. 1992–1993-cü illərdə sənət həyatını burada davam etdirir. Burada bir neçə salonda sərgiləri keçilir və böyük rəğbət qazanır.1993-cü ildə Paris şəhərinə köçür.
Qısa bir müddətdə buradakı həyatına uyğunlaşan rəssam üçün Fransanı xüsusi edən səbəb anası İrma xanımın əslən fransız olması idi. Parisdə yaşadığı dövr rəssamın yaradıcılığının ən məhsuldar dövrlərindən biri hesab edilir. Toğrul Nərimanbəyov iki dəfə ailə qurub.
Onun ilk xanımı 1922-ci il təvəllüdlü heykəltəraş Elmira Hüseynova olub. Bu evlilikdən Əsmər adlı bir qızı dünyaya gəlib. Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.
Görkəmli rəssam sonradan ikinci dəfə musiqiçi Sevil Nəcəfzadə ilə ailə həyatı qurur. Bu evlilikdən rəssamın bir oğlu doğulub: Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirərək rəssamlıqla məşğul olur.
Toğrul Nərimanbəyov 2 İyun 2013-cü ildə Fransada vəfat edib və Passi qəbristanlığında dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
