Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəfər Cəbrayıl oğlu Vəliyev — həyatı və yaradıcılığı.
Cəfər Cəbrayıl oğlu Vəliyev 1930-cu il noyabrın 12-də Bakıda doğulub.1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib.1953-cü ildə Azərbaycan SSR Nazirlər Sovetində əmək fəaliyyətinə başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini, 1960–1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini işləyib. 1962–1971-ci illərdə Azərbaycan Respublikası Prokurorunun birinci müavini, 1971–1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1978–1987-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri, 1992–2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, 2000–2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışıb. Respublikamızın ictimai həyatında fəal iştirak edən Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.
O, dövlət işləri ilə yanaşı, elmi-pedaqoji sahədə də çalışıb. Hüquq elmi ilə bağlı müxtəlif məqalələrin, kitab və monoqrafiyanın müəllifi olub. Hüquq elmləri namizədi (1963), professor (1993), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru (1991), Azərbaycanın əməkdar hüquşünası (1990), daxili xidmət general-leytenantı olub.
Bir müddət özəl sektorda, "Messenat Holdinq Şirkətlər qrupu"nun prezidenti vəzifəsində çalışıb. Cəfər Vəliyevin Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Fərmanı ilə "Şöhrət", 11 noyabr 2005-ci il tarixli Sərəncamı ilə "İstiqlal" ordenləri, həmçinin SSRİ, Polşa, Çexoslovakiya, Monqolustan və Kubanın orden və medalları ilə də təltif edilib. Azərbaycanın əməkdar hüquqşünası, general-leytenant, professor Cəfər Vəliyev 2012-ci il iyunun 1-də Bakı şəhərində vəfat edib…
ALLAH RƏHMƏT ELƏSİN!
