Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cavad Mircavadov — həyatı və yaradıcılığı.
Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O, 1938-ci ildə «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir.
Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir. 1941-1949-cu illərdə Bakıda rəssamlıq məktəbində ilk rəsm təhsilini alır.
Hələ məktəbdə oxuduğu illərdə Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış olur və 1949-cu ildə təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşür.1949–1954-cü illərdə Leninqradda yaşayır, Ermitajda fəhlə kimi çalışır. Rəsmlərlə yaxından tanış olmaq məqsədlə 5 il müddətində burada çalışır. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edir və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanır.
Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və bədii birliyin əsasını qoyan Pyotr Petroviç Konçalovski idi. 1954-cü ildə Leninqraddan Bakıya qayıdaraq 10 il ərzində təsviri sənət üçün ənənəvi olmayan materiallardan-metal, daş, qum, bitum, qatran və sementdən istifadə etməyə başlayır. Sonra dostları ilə Qobustana yollanan rəssam bir müddət burada yaradıcılıqla məşğul olur.
Daha sonra Buzovnada 10 il müddətində tərki-dünya həyat tərzi yaşadıqdan sonra, 1966-cı ildə yenidən Bakıya qayıdır. O, Lyubov Mircavadova ilə ailə həyatı qurmuş və cütlüyün bu evlilikdən Xəzri adlı oğlu dünyaya gəlmişdi. Cavad Mircavadov Qabriel Qarsia Markesin pərəstişkarı idi.
"Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar idi. Rəssamın həyat yoldaşı onunla bağlı xatirələrində bu barədə belə danışırdı: "1987-ci il idi. Evdə oturmuşduq.
Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim.
Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, oradan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, Cavadı Markeslə görüşdürüm”. Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı. İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik.
Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də. “Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller almışdı." Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" olan Cavad Mircavadov 1992-ci ildə Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib, Bakıda dəfn edilib.
O, rəssam Tofiq Cavadovun qardaşıdır. T. Cavadov isə 20 avqust 1963-cü ildə Moskva–Serpuxov elektrik qatarının Çepelyova stansiyasında hadisə zamanı vəfat edib və Moskvada dəfn olunub…
ALLAH HƏR İKİSİNƏ RƏHMƏT ELƏSİN!
