Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir..
Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi ilə əhatə olunub. Toponimin mənşəyi dəqiq açılmasa da, tarixçi Abbasqulu Ağa Bakıxanov və Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar.
Tarixi mənbələrin verdiyi məlumata görə, Abşeron yarımadasının Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağda məskən salan Zığ tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır.
Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görüblər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlir və xanımın məzarının üstündə məqbərə tikdirir.
Zığ camaatı məqbərənin tikintisində yaxından iştirak edərək, öz mallarından bir qismini məqbərənin idarəçiliyi üçün vəqf edirlər. Şirvanşah I Xəlilüllah əmlakının bir qismini Zığ kəndi daxil olmaqla xanımın məqbərəsinə vəqf edərək Zığ camaatını vergidən azad edib. Əli süfrəsi adı ilə ehsan məclisi qurmaq ənənəsi o dövrdən bu camaat arasında məşhurdur.
Digər mənbələrdə isə Zığ qəbiləsinin Alan masketlərindən olduğu bildirilir. "Alan" dağlı deməkdr. Masketlər isə Yafəsin oğlu Məshəq nəslindəndir.
Yafəs Nuh Peyğəmbərin oğludur. Zığ kəndi 1936-cı ildə 350 təsərrüfatdan ibarət olub və həmin ildən qəsəbə statusu alıb. Səfəvi hökmdarı I Şah Təhmasibin Zığ kəndinin Bibiheybət məqbərəsinə vəqf olunmasını təsdiq edən fərmanını diqqətinizə çatdırırıq: "Hakimiyyət Allaha məxsusdur Şahi-vilayətin qulu Təhmasib Mübarək fərman verildi o haqda ki, Badkuyə ətrafında yerləşən Zığ kəndi bütün sərvət və əmlakı ilə birlikdə haqq imam övladı Bibiheybətin-onun babalarına və özünə salavat və salam olsun-müqəddəs asitanəsinə vəqf edildiyinə və bu haqda heç bir dəyişiklik olmadığına görə Badkuyənin amillə-indən, divan işlərinə baxanlarından, kələntərləri və kətxudalarından heç biri, heç bir adla qeyd olunan kəndin ətrafında dolanmayaraq hər hansı tələb etməsinlər.
Qeyd olunan ölkənin hakimləri, tiyuldarları və daruqələri yazılmış qayda üzrə qərar verildiyini bilsinlər. Ondan kənara çıxmasınlar. Qeyd olunan kəndin rəiyyətlərinin, habelə mübarək asitanənin dərvişləri və xidmətçilərinin gözlənilməsini vacib bilərək yazılı göstəriş verməsinlər və məmur göndərməsinlər.
Heç bir yaranmış ixracat adı ilə, habelə ələfə, ulufə, ulağ, bigar, şikar və sair şeltaqat və əhalini aclığa məruz qoyan hər hansı ad və qayda ilə olursa-olsun təcavüz etməsinlər. Qeyd olunan ölkənin bəniçəsi daxilindən çıxarılmış və kənar olunmuş bilsinlər. Bu barədə göstəriş verilməsini lazım bilərək ona hərtərəfli riayət etsinlər.
954-cü il məhərrəm ayının 20-i… ZIĞ QƏSƏBƏSİNİN SAKİNLƏRİNƏ BÖYÜK HÖRMƏTLƏ, NAMİQ HƏSƏNOV. P.
S. ZIĞ HAQQINDA BİLDİKLƏRİNİZİ YAZIN, TARİXİ BİRLİKDƏ ÖYRƏNƏK!
