Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məşhur pedaqoq, filosof, dinşünas və partizan, Ləzgilərin milli qəhrəmanı, ləzgilərin kuz….
Məşhur pedaqoq, filosof, dinşünas və partizan, Ləzgilərin milli qəhrəmanı, ləzgilərin kuzunar soyuna mənsub olan Qusarlı Möhübəli əfəndi Kuzunvi 1868-ci ildə Qusarın Kuzun kəndində doğulub. O, həmçinin "Möhübəli əfəndi Kuzunski", "Molla Möhübəli", "Möhübəli əfəndi Kuzunvi" kimi də tanınıb. Nəriman Nərimanov onu "nadir insan" adlandırıb.
Kuzunvi Ləzgi dili ilə yanaşı, Azərbaycan, türk, ərəb, rus, lak, avar, fars, tabasaran dillərini də bilirdi. O, Türkiyədə dini təhsili aldıqdan sonra, bir neçə müsəlman ölkəsində mühacirlik edib, regiona böyük İslam alimi və nüfuzlu din xadimi olaraq geri dönüb. Möhübəli əfəndi Kuzunvi fəlsəfəyə və dinə aid bir neçə kitab yazıb, lakin onun qətlindən sonra Sovet hakimiyyəti tərəfindən həmin əsərlər çaya atılıb.
Möhübəli əfəndi öz vəsaiti hesabına 1890-cı ildə Kuzun kəndində məktəb açıb. Bununla bağlı 1903-cü ildə "Ежегодник" jurnalı da məlumat vermişdi. Ümumilikdə o, Quba qəzasında 5 mədrəsə açıb, 18 məscidi təmir etdirib və bir məscid inşa etdirib.
Möhübəli əfəndi Həmdulla əfəndi, Hatəm ağa Cağarvi və digər nüfuzlu şəxslərlə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini qorumaq üçün Qızıl Ordu əleyhinə mübarizəyə qalxıb. Onun silahlı dəstələri Quba qəzasının Aladaş düzündə 7 ay ərzində bolşeviklərin qarşısını kəsərək, onları Quba qəzasına buraxmayıb. O, 1918-ci ilin may ayında Qubanın Digah kəndində erməni polkovnik A.
Amazaspın rəhbərlik etdiyi bolşeviklər və daşnaklardan ibarət qoşunun darmadağın edilməsində iştirak edib. Möhübəli əfəndi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da bolşeviklərə qarşı mübarizə aparırdı. Məhz buna görə Sovet hökuməti Möhübəli əfəndini 1920-ci ildə (digər mənbələrdə 1928-ci il) sui-qəsd etməklə qətlə yetirir.
Möhübəli əfəndi Kuzunvi Xaçmazın Qıraqlı kəndinin yaxınlığında vəfat edir. Onun cəsədi isə yoxa çıxır. Bu günə kimi Möhübəli əfəndinin harada dəfn olunması barədə dəqiq məlumat yoxdur.
Kuzunvinin qətlindən sonra Sovet hakimiyyəti onun evini talan, ona aid əşyaları isə məhv edir. Digər bir məlumatda isə deyilir ki, Mushab-Əli Kuzunvinin ləzgi xalqı arasında nüfuzunun daha da artmasından qorxan bolşevik inqilabçıları onu məhv etmək qərarına gəldilər. 1920-ci ildə Mushab-Əli əfəndi Ağaşirinoba kəndində pusquya düşür və orada öldürülür.
Bu hadisə Qusar İnqilab Komitəsinin sədri Şarşanidzenin Quba İnqilab Komitəsinə 29 avqust 1920-ci il tarixli məruzəsində ətraflı təsvir edilib… RUHU ŞAD OLSUN!
