Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Moskvada doğulub..
Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Moskvada doğulub. Atası Nəriman Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922–1925) olub. 19 mart 1925-ci ildə atasının ölümündən sonra Nəcəf anası Gülsüm xanımla birgə həyatının ağır mərhələsinə qədəm qoyur.
Nəriman Nərimanovun sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailə sonradan bu imtiyazlardan məhrum olur, Gülsüm xanım və 6 yaşlı Nəcəf üçün çörək imtahanına çəkilir. Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək Petrovsk adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi.
1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. 1938-ci ildə doqquzillik məktəbi müvəffəqiyyətlə bitirən Nəcəf Nərimanov sonradan Puşkin adına Tankçılıq məktəbi adını alan Leninqrad Hərbi Texniki-tank məktəbinə daxil olur. Bir il sonra onu Kiyevə eyniadlı məktəbə köçürdülər.
1939-cu il, 1 sentyabrda Nəcəf Nərimanova Moskva şəhəri qeydiyyat məntəqəsi rəisi tərəfindən Nəcəf Nərimanova qeydiyyat şəhadətnaməsi göndərilir. Moskva şəhərindən hərbi xidmətə çağrılan Nəcəf Nərimanov taqım komandiri kimi xidmət edir. Nəcəf Nərimanov 1940-cı ildə Kiyev hərbi məktəbini bitirdikdən sonra Hərbi Akademiyada oxumağı arzulayırdı.
Bunun üçün o, Qızıl Ordunun Stalin adına Hərbi Akademiyaya qəbul imtahanına buraxılması üçün ərizə ilə müraciət edir. Lakin 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi onun arzusunun həyata keçməsinə mane olur. 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə qəflətən hücumu gənc Nəcəfi də silaha sarılmağa məcbur edir.
O, Stalinqrad və Cənub cəbhələrində döyüşüb, 2-ci qvardiya mexanikiləşdirilmiş korpusun 58-ci əlahiddə qvardiya təmir-bərpa taborunun tank təmir bölüyünun taqım komandiri olub. Ölümündən bir ay qabaq anası Gülsüm xanıma yazdığı məktubda Nəcəf Nərimanov cəbhədəki xidmətlərindən yazarkən ona "Stalinqradın müdafiəsi uğrunda" medalı ilə təltif olunması xəbərini artıq vermişdi. Oğlunun ölümündən sonra Gülsüm xanım ancaq hamiliklə məşğul olur, uşaq evləri, əlil evləri və qocalara yardım etməyə başlayır.
İkinci Dünya müharibəsi başlayanda Qızıl Aypara Cəmiyyətinin fəal üzvü kimi əsgərlərə öz ana nəvazişini göstərirdi. O bir növ bütün əsgərləri oğlu Nəcəfin timsalında görürdü. Müharibədə yaralanıb hospitalda yatanların qayğısına qalırdı.
Gülsüm Nərimanova "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunur. Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun yeganə oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov (1919–08.09.1943) Stalinqrad döyüşlərində igidlik göstərib, birinci dərəcəli Vətən Müharibəsi ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunub. Moskva şəhərindən hərbi xidmətə çağırılıb.
Taqım komandiri kimi qulluq edib, 1943-cü ildə həlak olub. Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilib. Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunda Nəcəf Nərimanovun 64 adda şəxsi materialı─tərcümeyi-hal, şəxsi sənədlər, ərizə, 53 ədəd cəbhə məktubları və s.
qorunub saxlanılır… RUHU ŞAD OLSUN!
