Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol alan ilk azərbaycanlı qızı olaraq, “Sevi….
İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol alan ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub. O, Azərbaycanın həm də ikinci xanım akademikidir. İlk xanım akademikimiz Validə Tutayuq 1968-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
Ondan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. İzzət Orucova 16 sentyabr 1909-cu ildə Bakı şəhərində anadan olub. O, öz aktrisalıq karyerasını və “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini belə xatırlayırdı: “Cəfər çox tələbkar idi.
Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı.
Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı.
Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”. Kinoşünas Aydın Kazımzadə xatirələrində qeyd edir: “Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb.
Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib.
Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.
O dövrdə heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı – həkim və dövrünün tanınmış ziyalısı, Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik ruhuna sahib olan Mövsüm İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır.
Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda, onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq Sibirə sürgün olunacaqdılar. Lakin bu, baş vermir.
İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrılır. İzzət Orucova 1932-1959-cu illərdə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyib, 1959-1967-ci illərdə həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri, 1967-1979-cu illərdə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1971-1983-cü illərdə isə Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifələrində çalışıb.
Sonuncu iş yeri AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri olub.1972-ci ildə İzzət Orucovanın elmdə ən yüksək elmi dərəcə – akademik adını alması həqiqətən də çoxlarının təəccübünə səbəb olub. İnanmırdılar ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metrostansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub.1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb, 4 dəfə deputat seçilib. Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib.
Onun ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya Dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. İzzət Orucova 1983-cü il aprelin 22-də, 73 yaşında Bakıda dünyasını dəyişib.
Paytaxtın ən böyük küçələrindən biri onun adını daşıyır…
