Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bütün res….
1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bütün respublikalarda olduğu kimi, ilk növbədə kommunist-bolşevik mətbuatı yaratmaq məsələsi zəruri idi. Bu səbəbdən də 1921-ci ilin yanvar ayının 7-də İrəvanda Azərbaycan dilində həftəlik "Kommunist" qəzeti nəşr edilməyə başlandı. "Kommunist" qəzeti 1921-ci ilin yanvar ayının 7-dən fevral ayının 8-nə qədər nəşr olunub Qəzetin redaktoru isə Həmid Qənizadə idi.
1921-ci ilin fevral ayının 9-da erməni daşnakları İrəvanda yenidən tüğyan edərək, terror, qətliamlar, qırğınlar və dağıntılar törədərkən Azərbaycan dilində nəşr olunan "Kommunist" qəzetinin redaksiyasını yandıraraq məhv edirlər. Bununla da qəzetin fəaliyyəti dayandırılır. Qəzet 1921-ci ildə "Kommunist", 1922-ci ildə "Rəncbər", 1924-cü ildə "Zəngi", 1929-cu ildə "Qızıl şəfəq", 1937-ci ildə yenidən "Kommunist" və nəhayət 1939-cu ildə "Sovet Ermənsitanı" adı ilə işıq üzü görüb.
Bu illərdə H. Qənizadə, B. Əfəndiyev, R.
Vəlibəyov, Ə. Tağızadə, M. Hüseynov, S.
Alməmmədov, Ə. Rzayev, R. Allahverdiyev kimi görkəmli azərbaycanlı ziyalıları qəzetin məsul redaktorları olublar.
Qəzet Ermənistanda yaşayan azərbaycanlıların ictimai-siyasi, mədəni həyatının güzgüsü, Azərbaycan dilində çıxan yeganə qəzet kimi orada yaşayanların tribunası idi. Mətbu orqanda azərbaycanlı şair və yazıçıların əsərləri, ədəbi-tənqid məqalələri, teatr tamaşaları haqda resenziyalar, yubiley tədbirləri, əmək qəhrəmanları haqqında yazılar, cəbhədə igidlik göstərən döyüşçülər haqda oçerklər dərc olunurdu. Bakıda Məmməd Zəki, Naxçıvanda Qulam Şərifov, Gəncədə Məhərrəm Əliyev qəzetin müxbirləri olmaqla yanaşı, əsas təbliğatçıları kimi daha çox xidmət göstəriblər.
1933-cü ildə İrəvanda Kamunyan küçəsi, 23-də kök salan qəzet sonradan, 1934-cü ildə İrəvan Firqə Komitəsinin ikinci mərtəbəsinə, sonra isə 1936-cı ildə Qnuni küçəsi 32-yə Mənzil Koperativ binasına daşınır. Bu isə son olmur. 70-ci illərin sonlarında əvvəlki yerindən Qızıl Ordu küçəsi 41-ə, oradan da "Mətbuat Evi"nə (Orconikidze küçəsi, mənzil 9, 9-cu mərtəbə) köçürülüb.
Bura isə qəzetin son ünvanı olub. Ermənistanda azərbaycan dilində nəşr olunan qəzetlərin baş redaktorlarının siyahısını sizə təqdim edirik: "Kommunist" Həmid Qənizadə — 1921; "Rəncbər" Bala Əfəndiyev — 1922–1923; "Zəngi" Bala Əfəndiyev — 1924–1926; Mustafa Hüseynov — 1926–1929; "Qızıl şəfəq" Əkbər Rizayev — 1929; Mustafa Hüseynov — 1929-1930; Rza Vəlibəyov — 1930; Əli Tağızadə — 1931–1932; Mustafa Hüseynov — 1933–1934; 1934–1936; Səfər Alməmmədov — 1936–1937; "Kommunist" Əkbər Rizayev — 1937–1938; Cəfər Vəlibəyov — 1938–1939; "Sovet Ermənistanı" Cəfər Vəlibəyov — 1939–1947; Rza Vəlibəyov — 1947–1949; Cəfər Vəlibəyov — 1949–1960; Həbib Həsənov — 1961–1974; Məhərrəm Bayramov — 1974–1981; Cahangir Əliyev — 1981–1984; Zərbəli Qurbanov — 1985–1989; İsrafil Məmmədov — 1989.
