Milli musiqimizin banisi Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Həsənağa qızı Hacıbəyov…

Şrift
Milli musiqimizin banisi Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Həsənağa qızı Hacıbəyov…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Milli musiqimizin banisi Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Həsənağa qızı Hacıbəyov….

Milli musiqimizin banisi Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Həsənağa qızı Hacıbəyova (Terequlova) 1887-ci il dekabrın 22-də doğulub. O, məşhur Terequlovlar nəslindəndir. Evdə təhsil alıb, Tiflisdə Knyaginya Olqa Fyodorovnanın adını daşıyan Birinci Qadın Gimnaziyasının 4 sinfini bitirib.

1908-ci ildə Bakı Şəhər İdarəsinin məktəb komissiyasına ərizə ilə müraciət edərək ona müsəlman qızları üçün açılmış məktəblərin birində müəllimə yerinin verilməsini xahiş etmişdir. Lakin həmin il işlə təmin edilməmişdi. Məleykə xanım 1909-cu il dekabrın 20-də Üzeyir bəy Hacıbəyovla nikaha girərək ailə həyatı qurub və onun soyadını qəbul edib.

M. Hacıbəyova 1910-cu il sentyabrın 6-da Bakı Şəhər İdarəsi nəzdindəki məktəb komissiyasına yenidən ərizə ilə müraciət edir. Məleykə xanımın 10-cu rus-tatar məktəbinə Azərbaycan dili müəlliməsi təyin edilməsi haqqında qərar qəbul edilir.

Bakı-Dağıstan xalq məktəbləri direksiyasının rəhbəri A. X. Txorjevskinin Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə 1911-ci il aprelin 21-də ünvanladığı məktubda isə bildirilirdi ki, onun tərəfindən 1911-ci il aprel ayının 1-dən etibarən bir neçə müəllim, o cümlədən, Məleykə xanım Hacıbəyova (Terequlova) Kazan məktəbi ilə qarışıq olan rus-tatar məktəbinə Azərbaycan dili müəlliməsi vəzifəsinə təsdiq edilib.

Həmin dövrdə Məleykə xanım Hacıbəyovanın sağlamlığında müəyyən problemlər yaranır. Onun müalicə aldığı tibb müəssisəsinin 1912-ci ilin yanvarın 19-da təqdim etdiyi arayışda bildirilirdi ki, Məleykə xanım keçirdiyi xəstəlikdən sağalanadək dərslərə gələ bilməyəcək. Bu vəziyyət bir neçə dəfə təkrar olunur.

1912-ci ilin sentyabrında M. Hacıbəyovanın məktəb komissiyasının sədrinə yazdığı ərizəsində qeyd edilirdi ki, artıq bir ildir mən qadın xəstəliyindən əziyyət çəkirəm və həmin müddət ərzində buradakı həkimlərin – şəhər doğum evinin direktoru Şahnazarova və Radionovanın yanında müalicə olunuram: "… Şübhəsiz ki, mənim müalicəm baha başa gəlir və yeni qaçılmaz xərclər tələb edirdi.

Maddi vəziyyətim çox ağır olduğuna görə müalicəm üçün şəhər büdcəsindən mənə birdəfəlik yardımın göstərilməsi haqqında məktəb komissiyasına ərizə verməyinizi sizdən xahiş edirəm. Ümid edirəm ki, məktəb komissiyası mənim şəhərə göstərdiyim xidməti və vəziyyətimi nəzərə alaraq yardım göstərilməsinə etiraz etməyəcəkdir”. Beləliklə, 7-ci (əvvəlki 10-cu) rus-tatar məktəbinin müəllimi Məleykə xanım Hacıbəyova 1912-ci il oktyabrın 1-dən etibarən məktəb xidmətini tərk edir.

Məktəb komissiyası Məleykə xanım Hacıbəyovanın həqiqətən də müalicəyə ehtiyacının olduğunu qəbul edir və iki illik xidmətini nəzərə alaraq ona iki aylıq məvacib – 150 rubl həcmində vəsaitin ayrılması haqqında qərar qəbul edir. 1915-ci ildə o, yenidən 7-ci rus-tatar məktəbində müəllim vəzifəsinə təyin edilir.1915-ci il dekabrın 2-də Bakı Şəhər İdarəsinin məktəb komissiyası sədrinin Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S. M.

Qəniyevə ünvanladığı 1802 saylı məktubda qeyd edilirdi: "Sabunçu məktəbinə keçirilmiş müəllim Məmmədovun yerinə Məleykə xanım Terequlovanın dekabrın 3-dən etibarən 4-cü rus-tatar məktəbində müvəqqəti olaraq dərs deməsinə icazə verməyinizi xahiş edirəm”. Arxiv sənədlərindəki bəzi məlumatlara görə, Məleykə xanım 1920-ci ilin mart ayınadək həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 1920-ci il mayın 25-də xalq komissarlığı maarif şöbəsinin qərarı ilə Şərqin ilk konservatoriyası yaradıldıqdan sonra o, Üzeyir bəyin məsləhəti ilə konservatoriyaya daxil olaraq musiqi nəzəriyyəsini mənimsəyir.

Dahi bəstəkarın ölümündən sonra Bakıda "Arşın mal alan” musiqili komediyasının, Moskvada isə "Koroğlu” operasının klavirinin nəşr olunub işıq üzü görməsində M. Hacıbəyovanın böyük xidmətləri olub. O, 1966-cı ildə Bakı şəhərində vəfat efib…

Mənbə:Rafiq SƏFƏROV, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əməkdaşı

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗