Vətənim Media xəbər verir ki, Azərbaycanda elektrik şəbəkəsinə qoşulmaq üçün tələb olunan prosedurların sayı 7-dən 2-yə, prosesin müddəti isə 41 gündən 20 günə endiriləcək. Energetika naziri Pərviz Şahbazov bu barədə Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, dəyişikliklər “bir pəncərə” prinsipinin tətbiqi və elektron xidmətlərin genişləndirilməsi sayəsində mümkün olacaq. Prosedurların sadələşdirilməsi, xidmətlərdə şəffaflığın artırılması və enerji təchizatının etibarlılığına dair məlumatların açıqlanması biznesin inzibati yükünü azaldacaq. Şahbazov enerji səmərəliliyinin iqtisadi rəqabət qabiliyyətinə töhfə verdiyini, bu sahədə qanunun enerjiyə qənaət edən texnologiyaları, investisiyaları və yeni xidmət bazarlarını təşviq etdiyini bildirib. Tədbirlərin istehsal xərclərini azaltmaqla yanaşı, enerji auditi və idarəçiliyi sahələrində sahibkarlıq imkanlarını genişləndirəcəyini qeyd edib.
Əsas mənbə: APA
