Vətənim Media xəbər verir ki, Media və Yayım Şurası İranın “Səhər” (“Sahar Azəri”) telekanalının Türkiyənin Diyarbəkir vilayətində keçirilmiş tədbirin görüntülərini Azərbaycanla əlaqələndirdiyini bildirib. Şuranın bəyanatına əsasən, kadrlar ölkədə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edilib.
Şura bu təqdimatı hadisənin yeri və mahiyyətinin təhrif edilməsi, ictimai rəyin manipulyasiyası və auditoriyanın yanlış məlumatlandırılması kimi qiymətləndirib. Bəyanatda telekanalın Azərbaycanla bağlı materiallarında qərəzli və həqiqətə uyğun olmayan məlumatlara mütəmadi yer verdiyi, bu fəaliyyətinə görə qara siyahıya daxil edildiyi bildirilib.
Media və Yayım Şurası media subyektlərini məlumatları dəqiqlik və obyektivlik prinsipləri ilə yaymağa çağırıb. İctimaiyyətə isə bu cür paylaşımlara tənqidi yanaşmaq, məlumatları etibarlı mənbələrdən yoxlamaq və dezinformasiyanın yayılmasına şərait yaratmamaq tövsiyə olunub.
Əsas mənbə: APA
