Həmidə xanım Cavanşir-Məmmədquluzadə — həyatı və yaradıcılığı

Şrift
Həmidə xanım Cavanşir-Məmmədquluzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Həmidə xanım Cavanşir-Məmmədquluzadə — həyatı və yaradıcılığı.

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində görkəmli maarifçi ziyalı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlib. Kənddə mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir 1883-cü ildə yeddi "Qarabağnamə"dən ən məşhurunu- "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib.

Tək Kəhrizlidə deyil, ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis öyrənmişdi və o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə malik idi.

İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. Bu evlilikdən olan Mina və Müzəffər adlı övladlarını tək başına böyütmüşdü.1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin, Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın silahdaşı, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.

Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb. Bu evlilikdən Midhət və Ənvər adlı evladları dünyaya gəlib. Bu illərdə Mirzə Cəlil nə qədər ittihamlara tuş gəlsə də ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olub, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərib.

Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, bütün Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan bu xanım həm də yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət almışdı.

Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı:"Mirzə Cəlil və Həmidə xanımdan çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər.

Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazıb. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə baxmayaraq, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi".

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilib, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə alıb. Həmidə xanım haqqında daha bir həqiqət onun Azərbaycan tarixində ilk məruzəçi qadın olmasıdır.

Belə ki, 1912-ci ildə Tiflisdə Zaqafqaziya Seymində Həmidə xanım iri mülkədar kimi Qarabağı təmsil edirdi. Həmin Seym üçün onun çıxışını həyat yoldaşı Cəlil Məmmədquluzadə redaktə edir. Hətta zarafat üçün Mirzə Cəlil xanımına deyir: "Arvad da doklad edər?".

1955-ci ildə Bakıda vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Birinci Fəxri Xiyabanda, Mirzə Cəlilin məzarı yanında dəfn olunub… RUHLARI ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗