Vətənim Media xəbər verir ki, “Daily Mail” nəşrinin qiymətləndirməsinə əsasən, maliyyə qaydalarını pozmaqda ittiham olunan “Mançester Siti”yə böyük xal cəzası və pul cəriməsi verilə bilər. Xalların əhəmiyyətli hissəsinin silinməsi komandanın mövsümün sonunda İngiltərə Premyer Liqasından aşağı liqaya düşməsinə səbəb ola bilər.
Məlumata görə, müstəqil komissiya kluba qarşı irəli sürülən ittihamların böyük hissəsini əsaslı sayıb. İttihamlar 2009–2018-ci illərdə bəzi kommersiya tərəfdaşları ilə müqavilələr vasitəsilə gəlirlərin şişirdilməsi, xərclərin az göstərilməsi, maliyyə hesabatlarındakı uyğunsuzluqlar və Premyer Liqa ilə UEFA-nın qaydalarının pozulması ilə bağlıdır. Araşdırma zamanı əməkdaşlıq öhdəliklərinə əməl edilmədiyi də bildirilir.
“Mançester Siti” mövsümün əvvəlində keçirdiyi yeddi oyunun hamısında qalib gəlib və 21 xalla turnir cədvəlinə başçılıq edir. Kluba tətbiq oluna biləcək yekun sanksiyanın miqdarı barədə məlumat verilməyib.
Əsas mənbə: APA
