Vətənim Media xəbər verir ki, SABAH.city innovasiya şəhərciyində IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib. Elm və Təhsil Nazirliyindən APA-ya bildiriblər ki, tədbirdə insan kapitalı, rəqəmsal gələcək və əmək bazarındakı dəyişikliklər müzakirə olunub.
Nazirliyin Aparat rəhbəri Mətin Kərimli forumun ilk dəfə bu formatda keçirildiyini, məzmununu isə proqram iştirakçılarının hazırladığını deyib. Onun sözlərinə görə, proqramı bu il 50 nəfər başa vurub, məzunların ümumi sayı isə 150-ni ötəcək.
Forumda süni intellektin təhsilə və əmək bazarına təsiri, gələcəyin peşələri və tələb olunan bacarıqlar barədə təqdimat və panel müzakirəsi keçirilib. Çıxışlarda gənclərin biliklərini yeniləməsinin, praktiki təcrübə qazanmasının və süni intellekt alətlərindən düzgün istifadə etməsinin əhəmiyyəti vurğulanıb.
Əsas mənbə: APA
