Vətənim Media xəbər verir ki, “AzerGold” QSC-nin təşəbbüsü və maliyyə dəstəyi ilə Daşkəsən Tədris Mərkəzi fəaliyyətə başlayıb. APA-nın şirkətə istinadən yaydığı məlumata görə, mərkəz 216 şagird üçün nəzərdə tutulub. Hazırda diaqnostik imtahanların nəticələrinə əsasən seçilmiş VII–X siniflərdən 108 məktəbli ödənişsiz hazırlıq kurslarına cəlb olunub.
Mərkəzdə dərslər məktəbdənkənar vaxtlarda xüsusi proqramla keçirilir. Binanın əsaslı təmiri və avadanlıqla təminatı “AzerGold” tərəfindən maliyyələşdirilib. Şirkət həmçinin mərkəzin fəaliyyət xərclərini və şagirdlərin dərs vəsaitlərini qarşılayır, ucqar kəndlərdə yaşayan 90 nəfərədək məktəblinin gediş-gəlişini təmin edir.
Layihə çərçivəsində hazırda 23 nəfər işlə təmin olunub; ümumilikdə 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədrisin təşkili və idarə olunmasını 2012-ci ildən fəaliyyət göstərən “BANİ Seminariyası” həyata keçirir. Mərkəzin məqsədləri arasında məktəblilərin ali təhsilə hazırlığını gücləndirmək və regionda ixtisaslı kadrların yetişməsinə dəstək vermək var.
Əsas mənbə: APA









