Aynurə Əliyeva
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti

Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri, M.Ə.Sabiri və Natəvanı sevərək mütailə etmişdir. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda iştirak edir, bəzən göstərilən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi. Böyük qəlbə, gözəl qələmə sahib olan Mədinə Gülgünün öz yaradıcılığı haqda dedikləri hər insanda kövrək hislər oyadır. “Hələ uşaq ikən eşitdiyim, məktəb yaşlarında oxuduğum gözəl şeir nümunələri qəlbimdə poeziyaya sönməz məhəbbət çırağı yandırmışdır. Ata-anamın ilki idim, kiçik ailəmizdə məndən sonra altı uşaq da dünyaya göz açmışdı. Gəlin anamın beşik başında əyləşib öz körpələrinə şirin laylay deməsini indi də xatırlayıram. Onun laylalı, bayatılı səsi qəlbimə, yaddaşıma hopmuşdur. Mən çox-çox uzaqda qalan o illərin-analı dünyamın şirinliyini, kovrəkliyini, istiliyini indi də qəlbimdə duyuram. Minnətdaram anamın şirin-şəkər, gül ətirli laylalarına. Hələ otuz altı-otuz yeddi il bundan əvvəl əlimə qələm alıb şeir yazmaq həvəsinə düşəndə məhz bu laylalar ilhamıma qanad vermışdir. Pərvazlanmaq istəyən körpə bir quşcuğazın can atdığı şeir asimanına nur çiləmişdir. Anam elə şirin-şirin nağıl danışardı ki, insan özünü məhz o nağıllarda imiş kimi hiss edərdi.
İlk nəğməmi anamdan,
Həvəsi söz dünyamdan,
Ümidini inamdan
Alıbdır mənim şeirim.

Məktəbli dövrümdə çoxlu şeirlər əzbərləyirdim. Etiraf etməliyəm ki, Məhsətini, Natəvanı, Mirvaridi, Nigarı oxuyanda ürəyimdə şeir yazmaq həvəsi bir az da artardı. Onların şeirləri ilıq yaz mehi kimi könlümü oxşar, xəyalımı həzin, kövrək, ümidli bir qadın-şair aləminə aparardı. Onlar kimi şeir qoşmaq, söz demək istəyi keçərdi qəlbimdən… Bu arzumu heç kəsə deməyə cəsarət etməzdim. Bu hissləri o zaman mən sadəcə olaraq uşaqlıq-cavanlıq xəyalpərvərliyi kimi başa düşərdim. Bir gün bərkiməmiş qələmimlə ağ varaq üstə ilk səfərə çıxdım. Şeir yazdım. Lakin bu şeiri heç kimə oxumadım. Günlər, aylar keçdikcə bu səfərimin də sayı artdı. Artıq, yazdığım şeirlər sanki özləri dilə gəlib kövrək-kövrək mənə pıçıldadılar: Bizi pərvazlandır, bizi çıxar gün işığına. Mənə belə gəlir ki, şeir də uşaq kimidir. O, dünyaya gəldimi, ayağı yer tutan kimi, doğma və yenə doğma qayğılarla əhatə olmalıdır”.
Mədinə Gülgünü oxucularına sevdirən onun yaradıcılığına xas olan səmimiyyətidir. Onun şeirləri hər bir oxucunu düşündürməyə bilməz. Mədinə Gülgünün şeirlərində vətən məhəbbəti və vətən həsrəti insanı düşündürməkdə və vətənə sevgi aşılamaqdadır. Demək Mədinə Gülgün vətən şairidir, azadlıq sairidir.
Qızıl günəş göy üzündə güləndə,
Nəğməsini quşlar bağ-bağ böləndə,
Mən göz açıb bu dünyaya gələndə
Bəxt ulduzum burda yanan olubdur,
Mədinə Gülgün bir mübariz şair olmaqla yanaşı, könülləri riqqətə gətirən lirik şeirlərin də müəllifidir. Onun poeziyası mübarizlik ruhunda şeirləri qədər əsrarəngiz lirikası ilə də oxucunu valeh edir. Bu bir həqiqətdir ki, şair Gülgünün sənəti mövzu məhdudluğu tanımadığı kimi, onun üçün səpki və janr məhdudiyyəti də olmamışdır. Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir xəzinədir. Orada sevgiyə, sədaqətə, əhdə, vəfaya, övlad məhəbbətinə, vətənə, sülh və əmin-amanlığa, arzulara, təbiətə, gözəlliyə, məftunluğa kifayət qədər yer verilmişdir. Şairin lirik əsərlərilə yaxından tanış olduqca, onlarla səmimi ünsiyyət tapdıqca, bir həqiqət daha inandırıcı şəkildə üzə çıxır. Mədinə Gülgünün yaradıcılığının araşdırılması bir daha sübut edir ki, ilk yaradıcılıq dövrü və gənclik çağları mübarizələrdə keçən şair, poeziyamızda ayrılıq, Vətən həsrəti, gözəlliyin tərənnümü, məhəbbət mövzusuna ardıcıl müraciət edənlərdən biridir. “Könlün ala bilmirəm, vətən, ala bilmirəm səninçün, səninçün” deyən Mədinə Gülgün şimalda cənub həsrəti çəkirdi. Məhs buna görə şairin poeziyasında diqqəti cəlb edən cəhətlərdən biri də vətənə bağlılıq, o tay-bu tay həsrəti, şimal-cənub təəssübüdür.
Bir torpaq üstündə doğulmuşuq biz,
Bir qolum Bakıdır, bir qolum Təbriz.
Mədinə Gülgünün əksəriyyət şeirləri vətən özləmi, yurd nisgili qoxuyur. ”Yaxındır Təbrizin yolu” və o yaxın yolu qət etmək üçün “bir ömür də çatmadı” və ya “dərdli-dərdli ötərəm Təbrizi görməyincə” və yaxud “gözümdə dünyanın həsrəti, qəmi” şeirlərində şairin vətən həsrətini, könül nisgilini, qəlb yanğısını duyuruq. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas hissəsini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də buradan irəli gəlirdi. O lal vərəqlərə süzülən həsrət, özləm təkcə şairin vətən həsrəti deyildi, eyni zaman da bütöv bir xalqın nisgili, həsrəti, həyacanıdır.
Təbrizin gülləri qöncə
Güllər açmaz mən gəlincə.
O öz poeziyasında xalqın arzularını özününküləşdirərək oxucuya catdırırdı. Məhs bütün bunlara görədir ki, Mədinə Gülgün az bir zamanda sevildi, xalqın şairinə, el qızına çevrildi.
Körpə bir quşun qanad çalmasına belə sevinən, sevincini gizlədə bilməyən lirik qəhrəmanın qırx ildən artıq bir müddətdə vətən ağrısını ürəyində gəzdirməyi, əlbəttə, təbiidir, təsirlidir. Lirik qəhrəman: “Hələ yorulmamışam vətənçün alışmaqdan, yanmaqdan, yanmaqdan…” – deyir və biz də Mədinə Gülgünün qırx yaşlı poeziyasını oxuduqca, mənimsədikcə, söylənən bu fikrin poetik təsdiqini tapırıq. Mədinə Gülgün qərib-qürbətlik yaşayan bir cox şairdən fərqli olaraq, öz tərcümeyi halını da ancaq şeirlərilə təsvir etmişdir. Özü də çox yığcam, poetik şəkildə. Aşağıdakı səkkiz misra səksən səhifəlik nəsri yazıdan geniş, daha emosianal məlumat saçmırmı?..
Ancaq Mədinə Gülgün nisgilə qapılmırdı, sabaha ümidlə baxırdı. Onun qəlbi mübarizlik ruhu ilə dolu idi və bu onun əsərlərində özünü yüksək şəkildə büruzə verirdi. Mədinə Gülgünün azad vətənə qovuşmaq diləyi suyu da, buludu da, torpağı da, insanı da dilləndirir, mübarizəyə çağırırdı. Belə ki, “Bir görüş yerinə gün doğar bir yaz.” və “Elmimin, vətənimin sabahına inandım” və ya “Hər gün məni oyadarlar qızıl rəngli səhərlərim” buna misaldı.
Mədinə Gülgün ən çox baharda xatırlanardı sanki. Zərif şairimiz bahar aşiqi idi. Füsünkar təbiətimizin vurğunu idi. ”Quşların vətənə dönən qatarı mənim arzularımdır, ümidlərimdir” devizi ilə yaşayırdı sanki bu gözəl xanım. Onun bu səpkidə yazılmış şeirlərini oxuduqda bir az da kövrəlirik elə bil. Onun qəlb gözüylə baxırıq ana təbiətə. Sanki yaz, bahar bir ayrı gəlmiş yurdumuza, çiçəklər- güllər, yam-yaşıl düzlər bir ayrı gözəldir. Məmləkətimizin lap ucqar bir kəndində açan bir çiçəyin ətri, bir şehin şəffaflığı, bir yamacın qoxusu bütün yurda yayılır, bir bülbülün cəh-cəhi hər yerdə eşidilir sanki şairin gözlərində.
Səhər yeli pəncərəmi döyür yenə,
Qızıl günəş sığal verir tellərinə.
Qaranquşlar oxuduqca dönə-dönə,
Hər şey xəbər verir bizə: bahar gəlir.

Mədinə Gülgün həyat eşqi ilə pərvazlanan bir xanım idi. Yer, torpaq, hava, iqlim, ana təbiət, göy, asiman, bütün canlılar, bir sözlə ulu tanrının yaratdığı hər bir varlıq Mədinə Gülgünü ruhlandırır və onun incə, zərif köksündən, həssas qəlbindən bir gül ləçəyi tək qopub ağ vərəqlərə, o dilsiz, lal səhifələrə süzülüb onları dilə gətirir, həyat verirdi. Şairin digər şeirinə nəzər salırıq. Sanki şeirin özü də bir nəğməyə cevrilib dilimizdən qəlbimizə pərvazlanır.
Bahar gələr, nazı artar güllərin,
Yuxuları sona çatar güllərin.
Sinəsində şəbnəm yatar güllərin,
Susan könlüm nəğmələrlə dinər bil,
Ürək nəğmə dünyasına dönər, bil.
Bəli, Mədinə Gülgünün qırx illik poeziyası insanı yüz illərlə düşünməyə sövq edir. Onun əsərlərində fəlsəfi fikirlər, vətənə, insana, insanlığa, əməyə, elmə sövq edən tərənnüm bariz şəkildə görünməkdədir. Vətən həsrəti, mübarizə eşqi, sülh, azadlıq, ideyaları şairənin yaradıcılığının ana xəttini təşkil edir. Mədinə Gülgün həmişə coşqun, həmişə kövrək, həmişə ilhamlıdır. Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin- əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır. Bu dünyada hərənin baxtına bir ömür payı düşür. Mədinə Gülgünün də baxtına şair ömrü düşdü. O, ədəbiyyatımıza özünə məxsus tərzi, üslubu ilə yenilik, gözəllik, xüsusi zənginlik bəxş edən bir xanım şairimiz idi. Əminik ki, zəngin ədəbi irs qoyub getmiş Mədinə Gülgünün sələflərinin döyüş və sənət ənənələrinə sadiq olan nəsillər onun Vətənə sevgi, döyüşə və mübarizəyə çağırış nidalı qələm məsullarını dövrün xitabət kürsülərindən inam və şairə tükənməz məhəbbət hisləri ilə indiyə qədər olduğu kimi, həmişə səsləndirəcəklər. Altmış beş il yaşamış bu şair neçə- neçə ədəbi-bədii mənzərələr, müdrik fəlsəfi fikirlər yaratdı.
Sən dünyanı dolan, gəz,
Bu dünyaya inan, gəz,
Bir toxum da cücərməz
Məhəbbət olmayanda…
…Bir sənətkar getdi dünyadan. Şairə ürəyini həsrət odunda damla-damla əridib şeirə çevirib bizə, gələcək nəsillərə qoyub getdi. Və nə vaxt ki, onun şeirlərini oxuyub sevincini, kədərini duyacağıq, qəlbimizi onun sənəti isidəcək, Mədinə Gülgün o qədər yaşayacaq. Şairə həsrətini, kövrək qəlbinin nisgilini özü ilə aparıb getdi. Vətəndaşı olduğu o poeziya ölkəsini isə tərk etmədi, əksinə orada özünə əbədi bir yer tutdu.
Ey ətri ürəyə məlhəm qızılgül,
Sənə heyran olub aləm qızılgül.
Sənin pasıbanın tikanlarındır,
Mənim silahdaşım qələm qızılgül.
