“Mehman Hüseynovun işi ilə bağlı yaxşı nəticə gözləyirdik və oldu”- HÜQUQ MÜDAFİƏÇİSİ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Cənab prezidentin bloqqer Mehman Hüseynovun işi ilə bağlı verdiyi göstərişdən yaxşı nəticələr gözləyirdik və bu nəticələr oldu”.

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında insan hüquqları üzrə işçi qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, prezidentin xüsusi göstərişi bu məsələnin yaxın vaxtlarda obyektiv həll olunacağına əsas verirdi. Hüquq müdafiəçisi bu addımı təqdirəlayiq hesab edib:

“Cənab prezidentin verdiyi bu göstərişin birbaşa Baş prokurora tövsiyə edilməsi bu məsələnin yaxın vaxtlarda çözüləcəyini deməyə imkan verirdi. Çünki Mehman Hüseynovun işində həm humanizm göstərilməsi, həm araşdırmanın obyektiv və ədalətli olmasının önə çəkilməsi, həm də hadisə iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edilməsi artıq bunu çağırış idi. Nəticədə Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib”.

Qeyd edək ki, Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib. 2018-ci il dekabrın 26-da Mehman Hüseynova qarşı yeni cinayət işi başlanıb. Penitensiar Xidmətin məlumatına görə, dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Məlumatda deyilir ki, Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Bakı şəhəri Qaradağ rayon Prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlamışdı. Bu gün yayılan məlumata görə, cinayət işinin icraatına xitam verilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗