Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölüm işi ilə əlaqədar həbsdə olan futbolçu Cavid Hüseynovun apellyasiya şikayətinə baxılıb. Vəkil Adəm Məmmədovun Bizimyol.info saytına verdiyi məlumata görə, qərara əsasən, məhkəmə onun cəzasını 4 ildən 1 il 2 aya endirib. Həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib.
Xatırladaq ki, jurnalist Rasim 8 avqust 2015-ci ildə bir qrup şəxs tərəfindən vəhşicəsinə döyüləndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bir neçə saat sonra burda dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəb jurnalistin öz Facebook səhifəsində futbolçu Cavid Hüseynovu tənqid etməsi olub. Belə ki, Cavid Hüseynov ötən il avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən etdiyi əl hərəkəti müzakirələrə səbəb olmuş, Rasim də onun bu hərəkətini tənqid etmişdir. Rasim Əliyevə zəng edən C.Hüseynov ondan təkzib verməyi tələb etmişdir.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb etmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» maqazasının qarşısında onunla görüşmüşdür. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirmiş və hadisə yerindən qaçmışlar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.
Jurnalistin ölümü ilə bağlı Cavid Hüseynov və daha 5 nəfər həbs edilib. Məhkəmə jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və Samir Mustafayevi 9 il müddətinə azadlıqdan məhrum edib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb. C.Hüseynov Səbail rayon Məhkəməsinin hökumü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
