QƏLBİMİZİ ŞUMLAYAN DƏRDLƏR SİLSİLƏSİNDƏN:
1967-2017… Qeyri –ixtiyarı bu tarixləri monitora yazıb fikrə getdim. Birincisi XX əsrə, ikincisi XXI yüzilliyə aid tarixlərdi. Ortada yarım əsrlik – düz əlli illik məsafə var. Və özüm -özümə sual verdim. 1967-ci ili necə qarşılamışdım və 2017-ci ilə necə qədəm qoyuram? Bəli, 50 əvvəl də rayon mərkəzindən 16 kilometr aralıda yerləşən kəndimizdəki evimizdə qaz və istilik sistemi yox idi. Amma dünya indikindən daha gözəl görünürdü, bayaramqabağı adamların üz-gözündən sevinc yağırdı. Əslində indi – ardan 50 il ötəndən sonra da Bakıda yaşadığım binada nə qaz var, nə istilik sistemi. Avtobusda, metroda, bazarda gördüyüm adamların da üz-gözündən qəm-qüssə yağır… Adamlar elə bil çiyinlərində dağdan ağır QƏM yükü daşıyırlar.
Bakının Gəncə prospektində -tanınmış “XƏZƏR” univermağı ilə üzbəüz 9-mərtəbəli bina daxil olmaqda, ətrafdakı 4-5 binaya bu günə kimi qaz və ya istilik xəttinin çəkilməməsi yəqin ki, təəccüblüdür, hə?! Axı necə olmaya bu prospekt kənddə-kəsəkdə deyil, neft və qaz ölkəsinin paytaxtındadır. Amma inanın ki, tolerant və multikultural dəyərlərə malik bir sakin kimi məni heç bu, bir o qədər də narahat etmir. Qoy avropalılar qazımızdan-neftimizdən gen-bol bəhrələnsinlər. Kef edib, doyunca şellənsilər, yeni ildə atəşfəşanlıq etsinlər! Bizdə isə sülh olsun, əminamanlıq olsun, bəsimizdir! Bir də Yeni il öncəsi hamamda Dövlət Neft Şirkətinin və ya AzərQAZ İstehsalat Birliyinin verdiyi çirkli, keyfiyyətsiz qazın dəmindən boğulmaqdansa, soyuq çiləkdə (duşda) yuyunmaq yaxşı deyilmi?!
… Kənddə 1963 –cü ildə dədəmin xalası oğu Usta Cəlalın tikdiyi 2 mərtəbəli, 6 otaqlı evimiz indi də durur. 50 il əvvəl dədəm təkcə mənə dərslərimi rahat hazırlamaq üçün evin ikinci mərtəbəsində 40 kvadrat metrlik otaq ayrmışdı. 50 il sonra Bakıda 30 kvadratmetrlik mənzildə mən isə oğlumun ailəsi ilə birlikdə yaşayırım. Yəni 30 kvadrat metrə güclə 2 ailə yerləşmişik. Hər birimizə 7 kvadrat metrdən 2-3 santimetr çox sahə düşür… Hərdən AzTV-də statistik rəqəmlər sadalanır, güya bizim yaşayış tərzimiz həddən ziyadə yaxşılaşıb… Axı, bu necə ola bilər? Bəlkə mənim məmləkətdən xəbərim yoxdur? Baxın, yenə özümdən götürürəm: 10-12 yaşımda dədəmin aldığı 12 manatlıq putyovka ilə yay tətilində Masallının Tüklə kəndində yüzlərlə məktəblinin dincəldiyi pioner düşərgəsində 24 gün istirahət etmişəm. İndi Bakı kəndlərində sovet dönəmindən qalan sanotoriyalarda 18 gün dincəlmək üçün putyovkanın qiyməti 700 manatdan 1200 manata qədərdi. Al görüm, necə alırsan? Dincəl görüm, necə dincəlirsən?!
Bəs görəsən niyə ölkəmizin statistik GÜZGÜsü 50 əvvəl ortabab səviyyədə yaşayan 8 uşaqlı fəhlə ailəsinin gün-güzaranını indinin 3 uşaqlı fəhlə və ya ziyalı ailəsi ilə müqayisəli şəkildə əks etdirmir? Kim yaxşı yaşayırdı? 50 il qabaqki 9-10 uşaqlı kolxozçü ailəsi, ya indiki dövrün 2-3 uşaqlı ziyalı ailəsi?
50 il qabaq 11 üzvü olan ailəmizdə yalnız atam işləyirdi. Nənəm qocalığa görə pensiya alardı. Ailə büdcəmizə daxil olan 160-170 manat pulla necə deyərlər, bəy balası kimi yaşayardıq. Orta-texniki ixtisaslı aqronom olan dədəm hər il 13- cü əmək haqqından “Ulduz”, “Azərbaycan”, “Kənd həyatı”, Azərbaycan qadını” jurnallarına, “Sovet kəndi” və rayonun hər sayı 15 min tirajla çıxan “Çağırış” qəzetlərinə abunə yazılardı. Biz də məktəbdə aşağı siniflərdə oxuyarkən “Azərbaycan pioneri” yuxarı siniflərdə isə “Azərbaycan gəncləri” qəzetlərinə abunə olardıq. 50 il sonra mən- ali təhsilli jurnalist, 1000 -ə yaxın publisistik məqalənin, 20-dən çox kitabın müəllifi, Azərbaycan Jurnalistləri və Yazıçılar Birliklərinin, eyni zamanda İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi) üzvü, bircə qəzetə -jurnala da abunə yazılmıram. Niyə? Çünki aldığım məvacib kommunal xərclərinə və gün-güzaran qayğılarına güclə çatır. Yalnız hərdən yazım çıxan qəzet və jurnalları gedib qəzet köşklərindən alıram. Üstəlik, sovet dönəmində rayon qəzetindən tutmuş, respublika qəzetlərinəcən, eləcə də radionun “Bulaq” verilişi yazlılarıma qonar göndərərdi. Amma indi belə ənənə və ya mexanizm demək olar ki, yoxdu… Təkcə son iki-üç ildə İnternet portallarında, ədəbiyyat saytlarında, qəzet və jurnallarda 200 –dən artıq bədii bə publisistik yazılarım dərc olunub.“Azərbaycan” jurnalı istisna olmaqla, yalnız bir dəfə Kulis.az-dan 4 yazıma görə (Allah Qan Turalıdan razı olsun!) 100 manat qonarar almışam. Vəssalam.
Demək, bu 50 ildə əgər rəngli televizoru, mobil telefonu, paltaryuyan maşını çıxsam, məişətimizdə elə böyük dəyişiklik və ya irəlililəyiş olmayıb. Mən toy dəvətnaməsi alanda atamın, əmimin və onların həmyaşıdlarının keçirdiyi sevinc hissinin gözlərimlə şahidi olmuşam. Aşıq Pənahın apardığı toy məclisində kəndimizin 50-80 yaş arası kişilərinin necə sakit oturub saza-sözə etiram bəslədiklərini görmüşəm. Bəs indi? Toy dəvətnaməsi alanda dilucu “Allah mübarək eləsin!” deyib qayğılı gözlərimizi “dahiyanəcəsinə” məchul nöqtələrə dikirik. Toya salacağımız pulu düşünə-düşünə yatıb-dururuq. Pul tapan vədələrimizdə toyda da can dərdi 1-2 saat oturub evə qaçırıq. Niyə? Səs-küy, keyfiyyətsiz qidalar, boğazdan yuxarı deyilən sağlıqlar adamı bezdirib-usandırır.
Bu gün, XXI əsrdə Doğum evlərində, uşaq bağçalarında vəziyyət necədir? Bunu çoxumuz dilə gətirmir, haqsızlıqlara dözürük. Sovet çağı Masallıda doğum evində belə bir əhvalat olmuşdu; qaynata gəlini ilə nəvəsini doğum evindən aparmaq istəyəndə həkim 5-10 manat şirinlik istəmişdi. “Ay dayı, vallah, ləbləbi el dəbidir, nəvə dünyaya gələndə baba şirinlik verər də… Kişi qaydır ki, ay həkim, imkanım yoxdu, gəlinimi verin aparım, nəvəm qalsın sizdə girov. Doğum evinin işçiləri yalvarır ki, sən Allah, ay dayı, götür nəvəni də apar, gəlnini də, bizi zibilə salma! Bəli, o zaman qorxu vardı, Allah xofu vardı sövet həkimində, üstəlik də qayda-qanunlara 90-95 faiz əməl olunurdu… İndi deyir hökmən ver, mənə dəxli yoxdur, hardan tapırsan tap gətir! Oğlan uşaqlarına bir tas qoyulub, qızlara başqa. Dil ilə istənilən PUL –şirinlik yox, artıq rüşvətdir! Vermirsən ya bahanə edib ananın qarnını yarırlar, gah da uşağın ölüsünü verirlər… Niyə sovet dövrü Miri Cavadzadə, Heybət Abdullayev, Azad İsmayılov, Fərman Ceyranov və başqa tibb professorları və cərrahlarımız xaric ölkələrdə ən çətin əməliyyatlara dəvət olunurdu, indi isə Azərbaycana həkimlər İrandan-Turandan gəlir? Və dişi ağrıyan da, başı ağrıyan da İrana, Türkiyəyə üz tutur… Hələ apteklərdə satılan dərmanların keyfyyətini və qiymətini demirəm. Niyə Gürcüstanda, Türkiyədə, İranda və başqa ölkələrdə dərmanlar həm ucuz, həm də keyfiyyətlidir?
Yadımdadır, kəndimizdə sovetlər zamanı təzə uşaq bağçası açılmışdı, müdüri qapı-qapı düşüb valideynlərə yalvaradı ki, uşağınızı gətirin bağçaya qoyun!
2 il bundan öncə nəvəmi Bakıda evimizin 10 addımlığındakı təzə təmir olunmuş bağçaya qoymaq istədim. Elə bil bağçanı müdir dədəsinin pulu ilə təmir etdirmişdi. Əlqərəz, “şirincəliyin” 400 manat olduğunu bilsəm də, nəvəmin doğum şahadətnaməsi arasına 200 manat qoydum. Müdür xanım daş atıb, başın tutdu. Yer ola-ola yoxdur dedi. Dedim, ay xanım, deputat ağız sizə açıb, xahiş-minnət eləsə, nəvəmi bağçaya qəbul edərsiz? Dedi, nə danışırsan, mən lap nazir müavinlərinə “otkaz” edirəm! Nə isə… Yazımı çox uzatmaq istəmirəm. Doğurdanmı biz inkişaf etmişik? 50 il bundan qabaq ali təhsilli işsiz görmüşdünüzmü? Hətta həbsxanadan çıxana sahə müfəttişi özü iş tapıb harasa hesabat verərdi. 70-ci illərdə ali təhsili olan gənclər gedib tikintidə fəhlə işləyirdilər ki, növbədənkənar ev alsınlar, ailə qursunlar. Çünki fəhləyə ziyalıdan qabaq ev verilərdi. İndi mənzilin kvadratı orta əmək haqqından 2-3 dəfə çoxdursa, görəsən yazıq fəhlə, ziyalı neçə il yaşayıb işləməlidir ki, mənzil alsın?
Sovet dövründə Bakıda qul bazarı var idimi? Azərbaycandan Sibirə çörək dalınca gedirdilərmi? Uşaq vaxtı kəndimizdə analar dəcəl oğlan uşaqlarına qarğış edəndə deyərdilər: “Səni görüm, Sarış kimi Urusyətə gedib-qayıtmayasan!” O vaxt kəndimizdən təkcə Sarış adlı bir nəfər Rusiyaya getmişdi və uzun illər ondan səsi-sorağı çıxmırdı. İndi kəndə hər ailədən Rusiyada olanı var. Qarabağ uğrunda 5 şəhid verən kəndimiz Rusiyada çörək uğrunda 12 nəfərdən çox “şəhid” verib, elələri var meyidi kəndə gətirilməyib. İndi təkcə kişilər yox, qadınlar da gedir. Bu adamlar, millət vəkilinin dediyi kimi, “cəmiyyətin tör-töküntüsü” yox, yaşamaq üçün çıxış yolunu qürbətdə axtarıb-arayanlar və tapanlardı. Və onların çoxunun sayəsində burda qoca valideynləri, qohum-əqrabaları gün-güzaran keçirirlər. Bütün bunları kim yazmalıdır, kim deməlidir? Xalq yazıçısı, millət vəkili, iqdisadçı akademik… Hamısı susur. Niyə doğrunu söyləyəni az qala düşmən bilirik? Ağ yalanlar danışanı dağ başına qoyuruq…
“Yalan – oğurluğa atılan ilk addımdır”. Bu yapon xalq məsəli olsa da, hərdən düşünürəm, bəlkə elə DÖVLƏT büdcəsindən oğurlanan milyonlar (milyardlar yazmıram ha…) YALANLARDAN qaynaqlanır!
Bitib-tükənməyən dərdlərin sonu olmasa da, yazıma buradaca SON verib, hamınıza qədəm qoyduğumuz 2017-ci il mübarək olsun deyirəm! Bayram günləri bütün insanlara-xüsusilə qələm dostlarıma Biləcəridən o yana – üzü şimala, Bibiheybətdən də cənuba sarı getmək və 1-2 günlük istirahət etmək İMKANI diləyirəm.
