İsgəndər Həmidov: “O batalyonu yaradan biz olmuşuq”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Artıq bir neçə gündür ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Nizami Abbasın rejissorluğu ilə çəkilən “Batalyon” filmi ictimai-siyasi simalar tərəfindən sərt tənqid atəşinə tuş gəlir. Buna səbəb isə filmdə 1992-1994-cü illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı olmuş, Tərtər özünümüdafiə batalyonunun komandiri Sərdar Həmidovun adının çəkilməməsidir.

Məsələ ilə bağlı sabiq daxili işlər naziri İsgəndər Həmidov da öz fikirlərini bildirib. Turkustan.info bildirir ki, Etatist.com-a danışan İ.Həmidov bildirib ki, ən yaxşı hakim zamandır, ən yaxşı görən də Allah:

“O batalyonu yaradan biz olmuşuq, batalyona silah verən biz olmuşuq, batalyon komandiri Sərdar Həmidov olub. Əsas məsələ odur ki, Tərtər yerindədir və tərtərlilər bunun kimin sayəsində olduğunu bilir.

Mən filmdə döyüşən uşaqları da gördüm, müharibədən xəbərsizləri də. Filmi çəkən bizim bir qohumla görüşüb deyib ki, hamı İsgəndərlə Sərdarın adını çəkirdi, amma mən onları filmdə saxlaya bilməzdim, qoymurlar. Kim qoymayacaq? Bu tarixdir. İsgəndəri başa düşürəm. Sərdar ki, rəhmətə gedib…

Əsas odur ki, Tərtər var, Tərtər döyüşür. Qalanı kiçik hislərdir. Biz bunu etməmişik ki, orden alaq, medal alaq. Torpağımızı müdafiə etmişik. Qalanını filmi çəkdirənlərin, rejissorun vicdanına buraxırıq. Əgər vicdanları varsa öz vicdanları cavab versin onlara.

Tərtərdə kimi danışdırsan deyir ki, evimizi iki qardaşa borcluyuq. Müharibə dövründə Tərtərdə elə bir şərait yaranmışdı ki, az qala yağ, qənd, çörək pulsuz idi”.

Qeyd edək ki, “Yaddaş” sənədli filmlər studiyasında çəkilən “Batalyon” filmində Tərtər Batalyonunun döyüşçüləri kimi təqdim olunan şəxslərdən bir nəfər belə batalyon komandiri olan Sərdar Həmidovun adını çəkməyib.

Vətənim Media Shorts

YouTube-da aç ↗