TRT Qarabağla bağlı sənədli film hazırlayır.
Bu barədə TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Eren “Yeni
Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.
İ.Eren bildirib ki, gerçək həyat hekayələrindən bəhs edən sənədli film altı bölümdən
ibarət olacaq. Filmin bu il ərzində “TRT Avaz” kanalında yayımlanması planlaşdırılır.
TRT-nin Baş direktoru “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sənədli
filmin hazırlanmasına böyük dəstək verdiyini deyib: “Bu filmin hazırlanmasında
Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi.
Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm”.
İbrahim Eren əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın tarixindəki önəmli
günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq
dünyaya çatdıracaq: “Biz Azərbaycan üçün nə qədər çox iş görsək də, daha çoxunu
görmək istəyirik. Hər zaman dediyimiz kimi – “İki dövlət, tək millət”ik. Birlikdə
atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır,
qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda,
həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik”.
“Yeni Azərbaycan” qəzetinə müsahibəsində İbrahim Eren ortaq serialların çəkilməsi ilə
bağlı da məlumat verib. Vurğulayıb ki, bununla bağlı AzTV və digər kanallarla birgə
əməkdaşlıq sahəsində daha konkret addımlar atılacaq.
