Vətənim Media xəbər verir ki, Kambocanın Baş naziri Hun Manet iki ölkənin iqtisadi xüsusiyyətlərinin qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. O, Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda Azərbaycanın enerji, neft-kimya, bərpaolunan enerji, kənd təsərrüfatı texnologiyaları, logistika və rəqəmsal infrastruktur sahələrindəki imkanlarını, Kambocanın isə istehsal, kənd təsərrüfatı və gənc işçi qüvvəsi ilə seçildiyini deyib.
Manetin sözlərinə görə, tərəflər ticarət olunan məhsul və xidmətlərin çeşidini artırmalı, bizneslər arasında birbaşa əlaqələri genişləndirməli və yeni investisiya istiqamətlərini araşdırmalıdır. O, Kambocada əhalinin 60 faizinin 35 yaşdan aşağı olduğunu, investorlara 12 ilədək vergi güzəştləri və xarici kapital üçün tam mülkiyyət imkanı təqdim edildiyini qeyd edib. Baş nazir, həmçinin investorlara dəstək mexanizmləri və ASEAN bazarlarına çıxış imkanlarını vurğulayıb.
Kamboca 2026-cı ilin iyuluna olan məlumata əsasən, istifadə etdiyi enerjinin 63 faizini bərpaolunan mənbələrdən əldə edir. Ölkə bu payı 2030-cu ilədək 70 faizə çatdırmağı, 2050-ci ilədək isə karbon neytrallığını təmin etməyi hədəfləyir.
Əsas mənbə: APA
