Vətənim Media xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şahin Məmmədov İtaliyanın Venesiya şəhərində keçirilən XV Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edib.
İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə baş tutan tədbirə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin rəhbərləri və nümayəndələri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri qatılıblar. Müzakirələrdə qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının qorunması, müasir çağırışlara qarşı birgə fəaliyyət və hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Şahin Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti simpozium çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Tərəflər dəniz təhlükəsizliyi sahəsində əlaqələrin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Əsas mənbə: APA
